×
A
A
A
Sazlamalar

Bu gün iki boksçumuz dünya çempionatında rinqə çıxacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən dünya çempionatında iki boksçumuz onaltıdabir final mərhələsində gücünü sınayacaq.
AZƏRTAC xəbər verir ki, çempionatda 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məsud Yusifzadə ilk görüşündə mərakeşli Səid Mortaji ilə qarşılaşacaq. Digər boksçumuz Amin Kuşkov (75 kq) isə ikinci görüşündə rusiyalı boksçu Qleb Bakşi ilə üz-üzə gələcək
Xatırladaq ki, sentyabrın 9-da boksçumuz Amin Kuşkov otuzikidəbir finalda Türkmənistan idmançısı Nursahat Pazzievi, iki gün sonra Tayfur Əliyev (57 kq) isveçrəli Tiaqo Puqnonu, ötən gün isə Lorenzo Sotomayor (69 kq) Avstriya təmsilçisi Yason Mallyanı məğlub ediblər. Sentyabrın 12-də Bəxtiyar Qazıbəyov (63 kq) Qazaxıstan təmsilçisi Zakir Safyullinə uduzaraq çempionatı tərk edib.
Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 9-dan 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

İdman 2019-09-14 11:58:00