×
A
A
A
Sazlamalar

“Bundesnetzagentur” “Qazprom”u sıxışdırmaqda davam edir

Berlin, 14 sentyabr, AZƏRTAC

AFR Federal Şəbəkələr Agentliyi (“Bundesnetzagentur”) Avropa Parlamentinin “Qazprom”a OPAL qaz magistralının gücündən tam istifadə etməsinə icazə verilməsi barədə qərarını ləğv etmiş Lüksemburq Avropa Məhkəməsinin verdiktinin icrasına “Bundesnetzagentur” tərəfindən nəzarət ediləcəyi barədə xəbərdarlıqla çıxış edib. AZƏRTAC bu barədə sentyabrın 12-də xəbər vermişdi (bax: https://azertag.az/ru/xeber/1328962).
Görünür, bu əhvalatın davamı intriqalara səbəb olacaq. Belə ki, sentyabrın 13-də günün ikinci yarısında “Bundesnetzagentur” Lüksemburq Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarının dərhal icra edilməsi barədə sərəncam verib. Sənəddə birmənalı şəkildə xəbərdarlıq edilir ki, həmin verdiktə etinasız yanaşmaq fikrinə düşən şirkətlər barəsində ciddi cirəmə sanksiyaları tətbiq ediləcək. Əlbəttə, bu halda Rusiyanın qaz nəhəngi sayılan “Qazprom”dan söhbət gedir, çünki ondan başqa heç bir şirkət OPAL magistralından istifadə etmir.
Xatırladaq ki, 2016-cı ilə qədər “Qazprom” OPAL-ın gücündən 50 faiz istifadə etmək hüququna malik idi. Lakin istər o vaxt, istərsə də indi “Qazprom”un rəqibləri olmadığına görə, həmin qaz magistralı təbii qazla yalnız yarıbayarı doldurulur. Sonradan Rusiya konserni Avropa parlamentində ona OPAL-ın gücündən tam istifadə etməyə icazə verən qətnamə qəbul edilməsinə nail olub, lakin bu günlərdə Lüksemburqdakı Avropa məhkəməsi həmin icazəni ləğv edib (bu barədə AZƏRTAC da məlumat vermişdi).
Təbii qaz ixrac edən ölkələr bu hadisələri böyük maraqla izləyirlər. Aşkardır ki, Aİ-nin qaz bazarının konyunkturunda yarana biləcək və hətta ehtimal edilən dəyişikliklər bu intriqalı epopeyanın nə ilə başa çatacağından asılıdır. Bu, həmin ölkələrin gəlirlərinin səviyyəsinə də təsir edəcək.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin 

Neft - qaz 2019-09-14 11:49:00