×
A
A
A
Sazlamalar

Gənclərin fövqəladə və bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsinə dair bilikləri artırılır

Bakı, 14 sentyabr, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin birgə təşkilatçılığı ilə Gənclər Evində ümumdünya ilk yardım günü ilə əlaqədar “İlk yardım” mövzusunda interaktiv seminar keçirilib.
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən idarənin əməkdaşı Pərvin Rəsulov seminarın “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası, gənclərin ətrafda baş verə biləcək fövqəladə və bədbəxt hadisələr zamanı ilk yardımın göstərilməsi ilə bağlı biliklərinin artırılması məqsədilə keçirildiyini qeyd edib.
Bildirilib ki, hər bir insan həyatı boyu müxtəlif şəraitlərdə və ayrı-ayrı səbəblərdən yaralanma və ya xəstəliklərlə qarşılaşa bilər. Baş verən müxtəlif məişət, istehsalat, nəqliyyat qəzaları, təbii fəlakətlər zamanı çoxsaylı insan həyatını itirir, xəsarətlər alır və ya əlil olur. Belə vəziyyətlərdə hadisə yerində hər zaman bir tibb işçisi olmadığı üçün, hadisədən zərər çəkənə göstərilən ilk yardım tədbirləri son dərəcə əhəmiyyətlidir. Hadisə yerində bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür. Ona görə hər kəs həkim gələnədək ilk yardım göstərmək qaydalarını öyrənməli və bilməlidir.
Sonra təlimçi tərəfindən ilk yardım göstərmək qaydaları izahlı şəkildə nümayiş etdirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb və sonda iştirakçılara maarifləndirici xarakterli bukletlər paylanılıb.

Sosial 2019-09-14 06:22:00