×
A
A
A
Sazlamalar

MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər

Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 12-13-də Minskdə MDB-nin İcraiyyə Komitəsində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin ərazilərinin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsinin başa çatdırılması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib.
MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ekspertlər Saziş layihəsinə dövlətlərdən daxil olan rəy və təklifləri nəzərdən keçirib və əsas etibarilə sənədi başa çatdırıblar. Lakin ekspertlərin fikrincə, onun bəzi müddəaları əlavə müzakirələr və razılaşmalar tələb edir. Bu məqsədlə iclasın bütün materialları Birlik ölkələrinə göndəriləcək.
MDB-nin İcraiyyə Komitəsinə tapşırılıb ki, ekspertlər tərəfindən Saziş layihəsinin mətninə təklif edilən düzəlişlərə münasibətdə dövlətlərdən öz mövqeləri barədə 2019-cu il dekabrın 1-dək məlumat verməyi xahiş etsin.
Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin ərazilərinin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş Birlik ölkələri əhalisi üçün xüsusi təhlükə mənbəyi olan karantinli və digər infeksiyalı xəstəliklərin, həmçinin potensial təhlükəli məhsulların və yüklərin gətirilməsi və yayılmasının qarşısının alınmasına yönəldilib. Sənəd səhiyyə sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, ərazilərin sanitariya mühafizəsi üzrə dövlət epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirlərinin koordinasiyasını təmin etməyə şərait yaradacaq.

Səhiyyə 2019-09-13 20:14:00