×
A
A
A
Sazlamalar

Tibb Universitetinin əczaçılıq fakültəsinin dekanlıq nümayəndələri birinci kurs tələbələri ilə görüşüblər

Bakı, 13 sentyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsinin dekanlıq nümayəndələri I kurs tələbələri və onların valideynləri ilə görüşüblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fakültənin dekanı, dosent Kamandar Yaqubov tələbə adını qazanan gəncləri və onların valideynlərini universitet rəhbərliyi adından təbrik edib. Fakültə dekanı onların tələbə adını qazanmalarının ATU-nun 90 illik yubileyinə təsadüf etdiyini diqqətə çatdırıb.
Azərbaycan Tibb Universitetinin tələbəsi olmaq sevincini yaşamağın kifayət qədər qürurverici olduğunu söyləyən fakültə dekanı bildirib ki, İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda ən yüksək bal toplayan abituriyentlər ATU-nu seçirlər. O, universitetdə təhsilin kredit sistemi ilə aparıldığını deyib. Dekan həmin sistem haqqında tələbələrə ətraflı məlumat verib.
Tələbələri, həmçinin əczaçılıq fakültəsi barədə məlumatlandıran K.Yaqubov yeni tələbə adını qazanmış gənclərə dərs keçiləcək korpusların yerini, ATU-dakı dərs, imtahan sistemini izah edib. Həmçinin fakültədə, universitetdə aparılan islahatlardan, yeniliklərdən söhbət açıb.
Tələbələrin, valideynlərin suallarını da cavablandıran dekan ikinci ali təhsil, sərbəst işlərin qəbulu, imtahanın nəticələrinə təsir göstərən əsas amillər və kitabxana xidmətləri ilə bağlı məsələlərə də aydınlıq gətirib.
Görüşdə hər tələbə üçün ayrıca zərf təqdim olunub. Həmin zərfə tələbə bileti, müqavilənin bir nüsxəsi, dərs cədvəli, universitet himninin mətni daxil edilib.
Qeyd edək ki, bu il ATU-nun əczaçılıq fakültəsinə 67 nəfər qəbul olunub. Onlardan 57 nəfəri dövlət sifarişli, 10 nəfəri isə ödənişli əsaslarla ATU-da təhsil alacaqlar. Yeni tələbələrin 53 nəfəri Azərbaycan, 14 nəfəri isə rus bölməsində oxuyacaq.

Səhiyyə 2019-09-13 19:17:00