×
A
A
A
Sazlamalar

Ekspertlər külək qurğularının ətraf mühitə təsirini öyrəniblər

Berlin, 13 sentyabr, AZƏRTAC

Külək generatorları parklarının və texnoloji təkmilləşdirilmələrin düzgün yerləşdirilməsi onların biomühit üçün təhlükəsini azalda bilər. Bu məqsədə nail olmaqdan ötrü kifayət qədər effektli üsul köçəri quşların miqrasiya marşrutlarında selektiv turbinlərin söndürülməsi ola bilər.
AZƏRTAC xəbər verir ki, bu qənaətə küləklə işləyən qurğuların ətraf mühitə təsirini öyrənən ekspertlər gəliblər. Alimlər bildirirlər ki, planlaşdırılma mərhələsində buraxılan səhv ucbatından küləklə işləyən parkların böyük miqdarda köçəri quşların miqrasiyası yolunda tikilməsi halları onlara məlumdur. Bu, quşların populyasiyasına mənfi təsirini göstərib və “Qırmızı kitab”a düşən quş növlərinin təhlükəyə məruz qalmasına səbəb olub.
Onu da nəzərə almaq lazımdır ki, əgər quş külək generatoruna tərəf uçursa, o halda toqquşma demək olar qaçılmazdır, çünki yırtıcı quşlar yem axtarışında adətən aşağı baxırlar. Yarasalar isə, bu qurğulara azı 100 metr yaxınlaşdıqda onun qurbanına çevrilir, yəni aşağı təzyiqli zonaya düşərək daxili qan sızmasından həlak olurlar.
Ekspertlər bildirirlər ki, bu yaxınlarda ekoloqların səyi nəticəsində bir sıra ölkələrdə külək parklarının tikintisi ləğv edilib. Onların yaradılması nadir quş növlərini təhlükə altına qoya bilərdi.
Beləliklə, külək generatorları düşünüldüyü qədər zərərsiz deyil. Ekspertlərin jurnalistlərlə bugünkü görüşünün iştirakçıları bu qənaətə gəlib. Buna görə də Azərbaycanda bu qurğuların quraşdırılma yerini müəyyənləşdirmək üçün əvvəlcədən ekoloqlarla məsləhətləşmək faydalı olardı.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Ekologiya 2019-09-13 19:17:00