×
A
A
A
Sazlamalar

Aşqabadda MDB iştirakçı dövlətlərinin strateji iqtisadi əməkdaşlığına dair Bəyannamənin layihəsi müzakirə olunub

Aşqabad, 13 sentyabr, AZƏRTAC 

Bu gün Aşqabadda Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının 83-cü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın işində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun başcılıq etdiyi nümayəndə heyəti iştirak edib.
İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi İqtisadi Şurasının iclasları MDB iştirakçı dövlətləri hökumətlərinin müavinləri səviyyəsində keçirilir.
MDB İqtisadi Şurasının 83-cü iclası nümayəndə heyətləri başçılarının qısa formatda görüşləri ilə başlayıb. İştirakçılar danışıqların gedişində daha yüksək iqtisadi nəticələr əldə edilməsi istiqamətində birgə fəaliyyətin nəticələrini müzakirə edərək gələcək üçün əməkdaşlığın prioritetlərini müəyyən edib, həmçinin iqtisadi və sosial xarakterli sənədlərin layihələri və təkliflər ətrafında fikir mübadiləsi aparıblar.
Geniş tərkibdə keçirilən iclasda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülən MDB iştirakçı dövlətlərinin strateji iqtisadi əməkdaşlığına dair Bəyannamənin layihəsi müzakirə olunub. Bu sənədin qəbul edilməsi dövlətlərarası əlaqələrin möhkəmlənməsinə kömək edəcək və MDB formatında səmərəli dialoqu inkişaf etdirəcək.
İştirakçılar əvvəllər əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin gedişini, o cümlədən MDB orqanlarının maliyyə təminatı və vahid büdcə siyasətinin həyata keçirilməsini nəzərdən keçiriblər. Tərəflər MDB iştirakçısı dövlətlər arasında iqtisadi və sosial siyasət sahələrində məsləhətləşmələrin aparılmasının səmərəliliyini qeyd edib, habelə Birliyin sosial-iqtisadi əməkdaşlıq üzrə dövlətlərarası və hökumətlərarası strukturlarının fəaliyyətlərinin əlaqələndirilməsinin təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparıblar.
Həmçinin MDB İqtisadi Şurasının nəzdində daimi əsasda fəaliyyət göstərən İqtisadi məsələlər üzrə komissiyanın fəaliyyətinin nəticələri də nəzərdən keçirilib. İclas çərçivəsində 24 sənəd imzalanıb.
MDB-nin icraçı katibi Sergey Lebedev iclasın yekunlarına dair keçirilən mətbuat konfransında tədbirin yüksək səviyyədə təşkil olunduğunu və danışıqların uğurla aparıldığını qeyd edib.
MDB İqtisadi Şurasının növbəti iclası 2019-cu il dekabrın 6-da Moskvada keçiriləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad

İqtisadiyyat 2019-09-13 17:41:00