×
A
A
A
Sazlamalar

V4-də artım sürəti azala bilər

Budapeşt, 13 sentyabr, AZƏRTAC

Bu il Macarıstan hökuməti ailələrə dəstək və doğumun stimullaşdırılması üzrə yeni proqramın icrasına başlayıb. Həmin proqram ölkə iqtisadiyyatına yeni təkan verəcək və eyni zamanda xarici makroiqtisadi proseslərin mənfi təsirini neytrallaşdıracaq.
AZƏRTAC Budapeşt mətbuat mərkəzinə istinadla xəbər verir ki, “Ernst & Young” konsaltinq şirkətinin aparıcı analitiki Cina Torokun mətbuat konfransındakı çıxışının yekunu belə ifadə edilə bilər.
Ekspert hesab edir ki, yaxşı iqtisadi göstəricilərə baxmayaraq artım sürətinin bir qədər azalması gözlənilir. Onun proqnozlarına görə, 2019-cu ildə “Vışeqrad qrupu”nun üzvü olan dörd ölkə (Slovakiya, Macarıstan, Polşa və Çexiya) üzrə orta illik artım keçənilki 5,1 faiz ilə müqayisədə 0,1 faiz azala bilər, gələn il isə bu artım xarici amillərin təsiri ilə 4,7 faizə düşə bilər. Eyni zamanda, Torok hesab edir ki, vəziyyət daha pis ola bilərdi, lakin V4 qrupu ölkələrinin demək olar ki, hamısında əhalinin gəlirlərinin artması sayəsində vəziyyət yaxşılaşa bilər.
“Ernst & Young” konsaltinq şirkətinin aparıcı analitiki AZƏRTAC-ın sualına cavab olaraq qeyd edib ki, “Dördlük” ölkələrində istehlakın artması və investisiya bumu son illərdə iqtisadi tərəqqinin “hərəkətverici qüvvəsi”nə çevrilib. İnvestisiyalar həm ümumavropa fondlarından, həm də, xüsusən daşınmaz əmlak sahəsinə kapital qoyan fərdi sərmayədarların sayəsində Çindən və Rusiya Federasiyasından daxil olur.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

İqtisadiyyat 2019-09-13 17:40:00