×
A
A
A
Sazlamalar

AZPROMO: Azərbaycana ilk alıcı missiyası təşkil olunacaq

Bakı, 13 sentyabr, AZƏRTAC

“Сaspian Еvent Оrganisers” (СEO) şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə oktyabrın 22-25-də Bakıda keçiriləcək XXV Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq.
Bu barədə AZƏRTAC-a AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev məlumat verib.
O qeyd edib ki, missiyanın təşkili sərgidə nümayiş olunan məhsullara maraq göstərən Gürcüstan, İran, Rusiya, Özbəkistan və digər ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçiriləcək. “Azərbaycan ərazisinə alıcı missiyalarının təşkili” mexanizmi Prezident İlham Əliyevin 2016-cı ilin 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş 10 fərqli mexanizm - dəstək tədbirindən biridir. Sözügedən mexanizm “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsulların rəqabət qabiliyyətini artıracaq, yerli məhsulların ixracının genişləndirilməsi, eləcə də qeyri-neft istehsalının stimullaşdırılmasında mühüm rol oynayacaq. Gələcəkdə təşkil olunacaq digər sərgilərdə də bu mexanizmin tətbiqi nəzərdə tutulub.

 

İqtisadiyyat 2019-09-13 16:47:00