×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Veronika Qudis: İdmanda məqsədim Olimpiadaya seçilmək və orada layiqincə çıxış etməkdir

Bakı, 13 sentyabr, AZƏRTAC
Bədii gimnastika üzrə 37-cü dünya çempionatı ərəfəsində Azərbaycan Gimnastika Federasiyasının saytı bu idman növünün həvəskarlarını Azərbaycan nümayəndələri ilə tanış edir. Qarşıdakı yarışların iştirakçılarından biri Veronika Qudisdir. O, dünya çempionatında ölkəmizi fərdi proqramda təmsil edəcək.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, V.Qudis dünya çempionatı ərəfəsində bu yarışlara necə hazırlaşması və gələcək planları barədə məlumat verib.
V.Qudisin sözlərinə görə, onu idman aləminə gətirən o vaxt gimnastika üzrə məşqçi işləyən doğma xalası olub.
Veronika Qudis deyib: “İdmanın bu növünü seçməyimdə xalamın məşqçi olması öz təsirini göstərib. Uşaqlıqda vaxtımın çoxunu xalamla birgə keçirirdim, çünki valideynlərim hər ikisi işləyirdi. Evdə tək qalmamaq üçün xalamla birgə məşq zalına gedirdim. Qızların necə məşğul olmasını müşahidə etdikcə məndə də belə bir istək yarandı. Üç yaşımdan gimnastika ilə məşğul olmağa başladım və artıq dördüncü ildir ki, Azərbaycan yığmasının heyətindəyəm”.
Veronika Qudisin məşqlərinin qrafiki gərgindir və o, günün çox hissəsini gimnastika zalında keçirir. Lakin sevimli hobbisi ilə məşğul olmağa da vaxt tapır. O deyir: “Rəsm çəkməyi çox xoşlayıram, vaxtım olanda bu işlə məşğul oluram. Deyə bilərəm ki, rəsm çəkmək mənim hobbimdir. Bu il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşam, dərs məşğələlərinin başlanmasını səbirsizliklə gözləyirəm”.
Hazırda Qudis üçün ən vacib məsələ bədii gimnastika üzrə 37-ci dünya çempionatında iştirak etmək məsələsidir.
İdmançı deyib: “Yarışlara ciddi hazırlaşırıq, gündə səkkiz-on saat məşq edirik. Bu yarışlar bizim üçün böyük əhəmiyyət kəsb edir. Məqsədimiz 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya almaqdır. İdmanda məqsədim Olimpiadaya seçilmək, orada layiqincə çıxış etməkdir. İlk növbədə, ölkəmiz üçün dəyərli bir iş görmək istəyirəm”.
V.Qudis qeyd edib ki, bədii gimnastika insanın xarakterini möhkəmlədir, onda güclü iradə tərbiyə edir, öz qarşısına məqsəd qoymağı və bu məqsədə nail olmağı öyrədir.
Veronika daha sonra deyib: “Bəzən məşq prosesində hər şey rahat getmir, psixoloji çətinliklər yaranır. Belə anlarda özümü sakitləşdirməyə, diqqətimi cəmləşdirməyə çalışıram. Yarışlarda xalça üzərinə çıxmazdan əvvəl dərindən nəfəs alıram. Tamaşaçıların dəstəyini hiss edəndə onlar üçün çıxış etmək, onları sevindirmək istəyirəm”.

İdman 2019-09-13 16:09:00