×
A
A
A
Sazlamalar

UNEC-də birinci kurslar üçün növbəti “Oriyentasiya günü” keçirilib

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün növbəti dəfə ənənəvi “Oriyentasiya günü” keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, dünya universitetlərində də hər il ənənəvi təşkil olunan “Oriyentasiya günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək, onlara tədris prosesi barədə ətraflı məlumat vermək və əyləncəli, pozitiv gün yaşatmaqdır. UNEC-in bütün tədris binalarında və Zaqatala filialında təşkil olunan “Oriyentasiya günü”ndə tyutorlar və müəllim mentorlar yeni qəbul olan tələbələrə məlumat verib, tələbə könüllülər isə onlara universitetlə tanışlıqda bələdçilik ediblər.
Birinci kurslar üçün universitetin həyətində tələbə təşkilatlarının, Karyera Mərkəzinin, “UNEC Startap” və “Enactus”un stendləri də quraşdırılıb. Stendlərdə tələbə təşkilatlarının fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr, tələbələrin sosial həyatı barədə ətraflı məlumat verilib. “UNEC Startap” və “Enactus” stendlərində isə yeni startap ideyalarının, beynəlxalq yarış və reallaşdırılan layihələrin nümayişi keçirilib, komandaya yeni üzvlər cəlb olunub. UNEC-in Karyera Mərkəzi universitetə yeni daxil olan tələbələrə karyera quruculuğu ilə bağlı məsləhətlər verib, onlar üçün karyera planlama testi təşkil edib.
“Oriyentasiya günü”ndə tələbələr elektron monitorlarda yerləşdirilən dərs cədvəlləri ilə tanış olublar. Elektron monitorlar vasitəsilə daxil olduqları fakültə haqqında, UNEC-in ikili diplom proqramları barədə məlumat əldə ediblər.
Tədbirdə UNEC Yaradıcılıq Mərkəzinin üzvlərinin ifasında musiqilər səsləndirilib, birinci kurslar üçün əyləncəli və intellektual oyunlar, idman yarışları keçirilib. Prezident təqaüdçüləri tədbir zamanı Radio UNEC-in canlı yayımında universitet barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, UNEC-ə 2019/2020-ci tədris ilində 4 min 799 tələbə qəbul olunub. Onların 3 min 273-ü bakalavr, 1526-si isə magistrdir.

Elm və təhsil 2019-09-13 15:24:00