×
A
A
A
Sazlamalar

Azərbaycanda mentorların hazırlanmasına başlanılıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyası (ASK) “Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsi çərçivəsində mentorların hazırlanmasına başlayıb.
ASK-dan AZƏRTAC-a bildirilib ki, layihədə 5 sahə - turizm sahəsində turagent, otel xadiməçisi, satış meneceri, avtomobil elektriki, tikiş avadanlığı operatoru-tikişçi seçilib. Mentorların 5-i həmin sahələr üzrə peşə məktəblərinin, 5 nəfər isə müvafiq müəssisələrin əməkdaşlarıdır.
Mentorlar çalışdıqları sahənin biliciləri hesab olunurlar və onlar təcrübəçilərə həmin peşəni öyrətmək funksiyası daşıyırlar. Azərbaycanda mentorların hazırlanması üçün nəzərdə tutulan bu təlim 3 mərhələdən ibarətdir.
Layihənin Azərbaycan üzrə koordinatoru Nigar Cəfərovanın sözlərinə görə, birinci və ikinci mərhələ alman ekspertlərinin hazırladıqları proqram üzrə Bakıda, sonuncu mərhələ isə Almaniyada olacaq və iştirakçılar orada peşə təhsili müəssisələrində, şirkətlərdə dual təhsilin necə təşkil olunması ilə tanış olacaqlar. Layihənin yekununda iştirakçılar testdən keçəcəklər və bundan sonra onlara müvafiq sertifikat veriləcək.
O bildirib ki, gələcəkdə seçilmiş peşə məktəblərində “Dual Like” pilot proqramlarının həyata keçirilməsi də planlaşdırılır.

İqtisadiyyat 2019-09-13 14:26:00