×
A
A
A
Sazlamalar

Sabah Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı proqnozlaşdırılır

Bakı, 13 sentyabr, AZƏRTAC 

Ölkə ərazisində sentyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21°, gündüz 24-27° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 765 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi dağlıq rayonlarda yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti, dağlarda gecə 5-10°, gündüz 10-15° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 14-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 24-29° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz 10-15° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 22-26° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-23° isti, dağlarda gecə 2-7°, gündüz 9-14° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimalı var.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində gün ərzində arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-18°, gündüz 20-24° isti, dağlarda gecə 7-12°, gündüz 13-17° isti olacağı bildirilir.

 

Ekologiya 2019-09-13 13:30:00