×
A
A
A
Sazlamalar

“BP Azerbaijan” “Gələcəyini qur” layihəsi çərçivəsində 78 tələbəyə dəstək olub YENİLƏNİB

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də “BP Azerbaijan” və onun “Azəri-Çıraq-Günəşli”, “Bakı-Tbilisi-Ceyhan”, “Şahdəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrindəki tərəfdaşları “Gələcəyini qur” layihəsinin cari ildə universitetlərə qəbul imtahanları verib tələbə olmuş 78 nəfər iştirakçısının bu layihədəki nailiyyətlərini qeyd edib.
AZƏRTAC xəbər verir ki, bu layihə “BP Azerbaijan” və tərəfdaşlarının icmaların bacarıq və səriştələrini artırmaqla onların davamlı inkişafı üçün imkanlar yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına dəstək olmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan ali təhsil müəssisələrinin məzunları daxildir.
“BP Azerbaijan” və tərəfdaşları ötən 3 ildə bu layihəyə dəstək verərək Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarındakı icmalarda yaşayan 200-dən çox gəncin bu layihədən yararlanmasına imkan yaradıb. Layihə əvvəlcə Qaradağ rayonundakı icmalar üçün nəzərdə tutulmuşdu. Sonrakı 2 ildə onun əhatə zonası genişlənərək “BP Azerbaijan”ın əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən əlavə 4 rayonu da əhatə edib.
Üç mərhələdə 207 nəfər layihə iştirakçısından təxminən 188 nəfəri, ümumilikdə iştirakçıların 91 faizi ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıblar. Bu təşəbbüsün uğurlu nəticələrinə əsaslanaraq “BP Azerbaijan” və tərəfdaşları layihəni növbəti ildə davam etdirməyi, onu daha da genişləndirərək Hacıqabul rayonunu da əhatə etməyi qərara alıblar.
Proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.
“BP Azerbaijan”ın əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Biz layihəmizin dəstəyi ilə gələcək karyera yolunu seçmiş bu gənclərin uğurlarından məmnunluq duyuruq. Bu gün onlar təhsil, bilik və inkişafa aparan uzun bir yolun başlanğıcındadırlar. Ümid edirik ki, bu yol onları inkişaf və peşəkarlıq dünyasına aparıb çıxaracaq və onlara özlərinin uğurlu gələcəyini qurmağa kömək edəcək. Layihənin builki nəticələri də bizi çox ruhlandırır, belə ki, universitetə qəbul imtahanlarında 1 nəfər layihə iştirakçısı 607 bal toplayıb və 16 nəfər iştirakçı isə 500-dən yüksək bal yığıb. Bunlar əla nəticələrdir. Biz layihədəki bütün iştirakçılara böyük uğurlar diləyirik”.
Layihənin üç mərhələsinin ümumi dəyəri 764 min manat təşkil edir, birinci və ikinci mərhələlərin hər birinin müddəti 15 ay, 3-cü mərhələnin müddəti isə 12 aydır.
Sonda yüksək bal toplamış tələbələrə hədiyyələr təqdim edilib.

Elm və təhsil 2019-09-13 12:47:00