×
A
A
A
Sazlamalar

Bakıda BMT-nin bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə komitəsinin iclası keçirilib VİDEO

Bakı, 13 sentyabr, AZƏRTAC

“Dəyişən dünyada qlobal böhranlar fonunda əməkçi miqrantların əsas problemlərinin həlli yolları” mövzusunda BMT-nin bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə komitəsinin Bakıda keçirilən iclasında iştirak edən xarici qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib. Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin məzarı ziyarət olunub.
İclasda çıxış edən Əmək və Əhalinin Sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasəti nəticəsində ölkəmizdə sosial sahədə mühüm irəliləyişlər əldə olunub. Nazir qeyd edib ki, minimum əməkhaqqı və maaşlar, müavinət və təqaüdlər, minimum əmək pensiyası artırılıb, vətəndaşların problemli kreditlərlə bağlı çətinliyi aradan qaldırılıb. Builki sosial islahatlar birbaşa olaraq 4,2 milyon insanın yaşayışına öz müsbət təsirini göstərib.
BMT-nin “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında beynəlxalq Konvensiya”sına region ölkələri arasında ilk qoşulan ölkələrdən birinin məhz Azərbaycan olduğunu qeyd edən nazir bildirib ki, miqrasiya proseslərinin genişləndiyi bir şəraitdə bu proseslərin dövlət tərəfindən tənzimlənməsinə xüsusi diqqət yetirilməklə qanunvericilik bazası yaradılıb, istər əcnəbilərin ölkəmizə, istərsə də vətəndaşlarımızın xarici ölkələrə miqrasiyasını tənzimləyən zəruri normativ-hüquqi aktlar qəbul olunub.
Nazir ölkəmizin miqrasiya sahəsindəki siyasətinin sosial-iqtisadi maraqlarının qorunması ilə yanaşı miqrantların, o cümlədən də əməkçi miqrantların həyatı və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına, onların hüquqlarının müdafiəsinə yönəldiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
S. Babayev ölkəmizə gələn miqrantların sayının artmasının başlıca səbəbi kimi son illər respublikamızda sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsi olduğunu göstərib. Nazirin dediyinə görə, 2018-ci ildə iş icazəsi əsasında ölkəmizdə işləyən əcnəbilərin sayı 7 min nəfərə yaxın olub və bu, 2003-cü illə müqayisədə dörd dəfə çoxdur. Hazırda Nazirliyin Əmək Müqaviləsi Bildiriş Sistemində əcnəbilərlə bağlanmış 9 min 962 əmək müqaviləsi qeydiyyatdadır.
İclasda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin proqram koordinatoru Mariya Nikolovska, BMT-nin komitə sədri vəzifəsini icra edən Can Unver çıxış ediblər.
İclasın fasiləsində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, nazirliyin şöbə müdiri Azad Tağızadə və BMT-nin komitə sədri vəzifəsini icra edən Can Unver iclasın mövzusu ilə əlaqədar mətbuat konfransı keçiriblər.
İclas Miqrasiya üzrə Qlobal Razılaşmanın tətbiqi, icrasına nəzarət və yenidən baxılması, miqrantların, o cümlədən əməkçi miqrantların və onların ailə üzvlərinin, hüquqlarının səmərəli müdafiəsi ilə bağlı problemlərin müzakirəsi ətrafında davam edib.

Sosial 2019-09-13 12:02:00

Video