×
A
A
A
Sazlamalar

Rəşad Azadlı: Tələbələrə ingilis dilində yaxşı təhsil və təcrübə imkanları təqdim etdiyi üçün sənədlərimi BANM-ə verdim

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında I ixtisas qrupu üzrə ən yüksək nəticələr göstərmiş və Bakı Ali Neft Məktəbinə (BANM) daxil olmuş 23 Prezident təqaüdçüsündən biri də Rəşad Azadlıdır. O, 679,3 bal toplayaraq BANM-ın neft-qaz mühəndisliyi ixtisasına qəbul olunub. Rəşad Azadlı 2002-ci ildə Kürdəmir rayonunda anadan olub. 2009-2017-ci illərdə Kürdəmir rayonundakı Siyavuş Paşayev adına 6 nömrəli orta məktəbdə təhsil alıb. Sonra 2017-2019-cu illərdə Bakının Xətai rayonunda yerləşən 147 nömrəli Texniki Humanitar liseyi bitirib.
AZƏRTAC Rəşad Azadlının BANM-in ictimaiyyətlə əlaqələr şöbəsinə verdiyi müsahibəni təqdim edir.
- Qəbul imtahanını necə xatırlayırsınız?
- İlk qəbul imtahanında çox həyəcanlı idim, çünki təcrübəsiz idim, apreldə ilk dəfə kurikulum üzrə imtahan verirdim. Yaxşı nəticə əldə etdiyim üçün ikinci imtahan həyəcansız və rahat keçdi.
- Seçdiyiniz ixtisasa həvəs necə yaranıb?
- Atam neft-qaz sahəsində çalışır, əsas həvəsim ondan qaynaqlanıb. Uşaq vaxtından atam kimi neft-qaz sahəsi üzrə mütəxəssis olmaq istəmişəm.
- Bakı Ali Neft Məktəbi haqqında haradan məlumat əldə etmisiniz?
- BANM barədə həm atamdan, həm də oxuduğum orta məktəbdə eşidirdim. Bu ali məktəbdə təhsilin keyfiyyəti olduğunu bildirirdilər.
- Niyə məhz Bakı Ali Neft Məktəbini seçdiniz?
- Seçdiyim ixtisas qrupu üzrə ölkənin ən prestijli ali məktəbi BANM olduğu, həm də tələbələrə ingilis dilində yaxşı təhsil və təcrübə imkanları təqdim etdiyi üçün sənədlərimi məhz Bakı Ali Neft Məktəbinə verdim.
- BANM-də oxumaq hədəfinizə necə çatdınız?
- Düşünürəm ki, məsuliyyətli olmaq, mütəmadi olaraq dərslərə diqqət ayırmaq və yaxşı oxumaq yetərli deyil, həm də gərək lazımlı şəkildə dincəlməyi də bacarasan. Beyin dincəlməlidir ki, insan güc toplasın. Məsələn, mən dərslərdən yorulanda şahmata vaxt ayırırdım, dostlarla şahmat oynayırdıq, sonra gəlib yenidən dərslərimə davam edirdim.
- Ailənizin təhsilinizdə rolu haqqında nə demək istəyirsiz?
- Ailədə dörd nəfərik. Əkiz qardaşım Rəşid də mənimlə birgə Bakı Ali Neft Məktəbinə neft-qaz mühəndisliyi ixtisasına qəbul olub.
- Ən böyük arzunuz?
- İndi istəyirəm BANM-də təhsilimi uğurla başa çatdırım. Sonrakı mərhələdə ixtisasımla bağlı yenilikləri öyrənmək istəyirəm.
- Hobbiləriniz nədir?
- Basketbol oynamaq, kitab oxumaq, idmanla məşğul olmaq.
- İxtisasınızdan savayı, başqa hansı sahələrə maraq göstərirsiniz?
- Kompüter sahəsinə çox marağım var, ixtisasımla paralel olaraq proqramlaşdırma biliklərinə yiyələnmək istəyirəm.
- Hansı janrda kitablar oxuyursunuz?
- Fantastika və detektiv janrı mənə cəlbedici gəlir, əsasən Harri Potterin müəllifi Coan Ketlin Roulinq, Çingiz Abdullayev, Aqata Kristi sevimli yazıçılarımdır.
- BANM-də təhsillə bağlı gələcək hədəfləriniz nədir?
- Beş illik təhsil zamanı əsas hədəfim neft-qaz sahəsi üzrə peşəkar mütəxəssis olmaqdır. Eləcə də rus və ingilis dillərini daha da yaxşı öyrənmək və ünsiyyət vərdişlərimi inkişaf etdirmək istəyirəm.

Elm və təhsil 2019-09-13 11:52:00