×
A
A
A
Sazlamalar

Bu gün daha bir boksçumuz dünya çempionatında mübarizəyə başlayır

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də Azərbaycan boksçusu Lorenzo Sotomayor Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında ilk görüşünə çıxacaq.
AZƏRTAC xəbər verir ki, 69 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun rəqibi Avstriya təmsilçisi Yason Mallya olacaq.
Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutan yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.
Xatırladaq ki, sentyabrın 9-da boksçumuz Amin Kuşkov otuzikidəbir finalda Türkmənistan idmançısı Nursahat Pazzievi 4:1, sentyabrın 11-də isə Tayfur Əliyev isveçrəli Tiaqo Puqnonu 5:0 hesabı ilə məğlub ediblər. Ötən gün isə Bəxtiyar Qazıbəyov Qazaxıstan təmsilçisi Zakir Safyullinə uduzaraq çempionatda mübarizəni dayandırıb.

 

İdman 2019-09-13 11:44:00