×
A
A
A
Sazlamalar

Azərbaycan badmintonçusu “Tokio 2020”də iştirak edə bilər

Bakı, 13 sentyabr, AZƏRTAC

Ümumdünya Badminton Federasiyasının saytında 37-ci badminton turnirləri həftəsinin nəticələri əsasında yeni Olimpiya təsnifat reytinqi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, reytinq cədvəlinə əsasən badmintonçumuz Edi Reski Dviçayo “Tokio 2020” Olimpiya təsnifat reytinqində kişilərin şəxsi kateqoriyası üzrə 28-ci sırada qərarlaşıb. Badmintonçumuz bu pilləyə bir neçə gün əvvəl Ukraynada keçirilən “RSL Kharkiv International 2019” turnirində 3400 xal qazanaraq yüksəlib. O, “Tokio 2020” Yay Olimpiya Oyunlarına təsnifat xarakterli yarışda gümüş medal qazanaraq xallarını 13 min 990-a çatdırıb. Badmintonçumuz hazırki siyahıda amerikalı Timati Lam və rusiyalı Vladimir Malkov kimi tanınmış idmançıları geridə qoyub.
Bir sıra Olimpiya idman növlərində olduğu kimi, badmintonda da lisenziya Olimpiya reytinq xallarına görə verilir. Həftəlik açıqlanan Olimpiya təsnifat reytinqi hər çərşənbə axşamı yenilənir.
Olimpiadada bu idman növü üzrə kişilərin şəxsi yarışında eyni ölkədən ən çox 2 nəfər iştirak hüququ qazana bilər. Bu, yalnız həmin ölkənin badmintonçularının Ümumdünya Badminton Federasiyasının 2020-ci ilin aprelin 30-dək olan reytinqində 1-16-cı yerlərdə qərarlaşması sayəsində mümkündür. Əgər həmin reytinqdə müvafiq yerlər üzrə yalnız bir idmançı yer alıbsa, o zaman həmin ölkə üzrə Olimpiadada bir badmintonçu çıxış edəcək. Yekun Olimpiya təsnifat reytinqində xalların hesablanması badmintonçuların Olimpiya təsnifat dövründə iştirak etdiyi və daha yüksək xallar topladığı 10 beynəlxalq turnirin nəticələrinə görə toplanır və buna əsasən müəyyənləşdirilir. Cari ilin aprelində start verilən təsnifat mərhələsi 2020-ci il aprelin 26-da başa çatacaq və dörd gün sonra kişilərin şəxsi yarışı üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək 38 badmintonçudan lisenziya əldə etmiş 34 nəfər müəyyən ediləcək. Yerdə qalan 4 lisenziyadan biri ev sahibi Yaponiyaya, digər üç vəsiqə isə Beynəlxalq Olimpiya Komitəsi, Ümumdünya Badminton Federasiyası və müvafiq ölkənin yerli federasiyasının nümayəndələrinin daxil olduğu üçtərəfli komissiyanın qərarına əsasən müəyyənləşəcək idmançılara veriləcək. Bütün kateqoriyalarda hər qitədən minimum bir iştirakçı Olimpiya Oyunlarında təmsil olunmalıdır. Əgər aprelin 30-da açıqlanacaq siyahıda hər hansı qitədən təmsilçi yer almazsa, o zaman Ümumdünya Badminton Federasiyasının reytinq cədvəlində həmin qitənin ən yüksək reytinqli idmançısına olimpiadada iştirak hüququ yaradılacaq.
Ümumdünya Badminton Federasiyasının 37-ci badminton turnirləri həftəsi üzrə cari reytinq siyahısına əsasən hazırda Edi Reski Dviçayo 21 min 530 xalla 84-cü sırada qərarlaşıb.
Xatırladaq ki, indiyədək heç bir badmintonçumuzun Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil etmək şansı olmayıb.

 

İdman 2019-09-13 10:47:00