×
A
A
A
Sazlamalar

Bakıda peşə təhsili alan tələbələrin məşğulluq imkanlarının artırılmasına dair müzakirələr aparılıb YENİLƏNİB

Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də “British Council” Azərbaycan təşkilatı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə - peşə təhsili alan tələbələrin məşğulluq imkanlarının artırılması” mövzusunda konfrans keçirib.
Konfransın məqsədi dövlət və özəl sektor tərəfdaşlığının dayanıqlı mexanizmlərin inkişaf etdirilməsi və bilik mübadiləsinə dair müştərək müzakirələrin aparılmasına şərait yaratmaq üçün peşə təhsili müəssisələri və biznes sektorunun nümayəndələrini bir araya gətirməkdir.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü ilə açan “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Samr Şah peşə təhsili sahəsində ölkəmizdə icra etdikləri proqram və layihələr haqqında məlumat verib. O bildirib ki, bütün dünyada peşə təhsili müəssisələrinin qarşısında duran əsas məsələ məzun olan tələbələrin iş yerləri və təcrübə imkanları tapa bilmələrinin təmin edilməsidir. Biznes sektoru isə öz növbəsində təklif edilən məşğulluq imkanları üçün yaxşı hazırlığa malik işçilər axtarışındadır. Samr Şayh vurğulayıb ki, peşə təhsili müəssisələri və biznes sektoru arasında tərəfdaşlıq işəgötürənlər, tələbələr və təhsil müəssisələrini bir araya gətirən “imkanlar körpüsü”nü qurmağa kömək edə bilər. “British Council” təşkilatı Azərbaycanda bu sahədə aparılan işlərə öz töhfəsini verir və bu işlərin daha da genişləndirilməsi üçün çalışır.
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov bildirib ki, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji yol Xəritəsi”ndə qarşıya qoyulan birinci hədəf işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyasına nail olmaqdır.
Strateji Yol Xəritəsi çərçivəsində yaradılması nəzərdə tutulan mexanizmlərin təkmilləşdirilməsi üçün işəgötürənlərin əsas maraqlarının öyrənilməsi, onlardan müvafiq rəy və təkliflərin alınması ilə bağlı işlər davam edir.
Konfransda Birləşmiş krallığın “People 1st” təşkilatının baş təlimçisi Ceyn Norman, “JW Marriott ABSHERON” Bakı otelinin İnsan resursları departamentinin rəhbəri Sevinc Purvis, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin İnsan resursları departamentinin rəhbəri Ülviyyə Qasımbəyli təqdimatla çıxış ediblər.
Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.
Xatırladaq ki, Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, “British Council”, turizm sənayesi müəssisələri və Birləşmiş Krallığın “People 1st” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” Azərbaycanda uğurla tətbiq edilir.
Proqramın əsas məqsədi peşə təhsili sektorunda gənclərin bilik və qabiliyyətlərini inkişaf etdirərək onların karyera imkanlarını artırmaq, işəgötürənləri iş üzrə təcrübə proqramı vasitəsilə təhsil proqramlarına cəlb etmək, peşə təhsilinin turizm sektorunun inkişafında rolunu artırmaqdan ibarətdir.
“Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı”na cəlb olunan peşə təhsili müəssisələrinin tələbələrinin 60 faizindən çoxu işlə təmin edilib.

Elm və təhsil 2019-09-13 10:26:00