×
A
A
A
Sazlamalar

Mariana Vasileva: Gimnastımız Veronika Qudis Bakıda keçiriləcək dünya çempionatında yeni nömrə ilə çıxış edəcək

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakının ev sahibliyi edəcəyi bədii gimnastika üzrə 37-ci dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıması bütün idmançılarımız üçün əlavə məsuliyyət yaradır. Əslində onların həyəncanlanmağı məni sevindirir, çünki yarışın ciddiliyini və bütün məsuliyyətini anlayırlar. Nəticə barədə əvvəldən danışmaq istəməzdim. Əsas odur ki, uğurla çıxış etməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.
Baş məşqçi bildirib ki, gimnastlarımız dünya çempionatında yerinə yetirəcəkləri proqram üzərində bütün mövsüm ərzində hazırlaşıblar. Yeni nömrə ilə yalnız Veronika Qudis çıxış edəcək. Gimnastımız Müslim Maqomayevin ifasında “O more, more” mahnısının müşayiəti ilə lentlə hərəkətlərdə gücünü sınayacaq. Mütəxəssislər Minskdə onun ilk çıxışına baxanda proqramı çox bəyəniblər. Çempionatda Zöhrə Ağamirova və Veronika Qudis dörd alətlə, Yelizaveta Luzan gürzlərlə, zədəli Fatimə Əkbərovanı əvəzləyən Məryəm Səfərova isə lentlə hərəkətlərdə çıxış edəcəklər.
Sentyabrın 16-dan 22-dək Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatında ölkəmizi 9 gimnast təmsil edəcək. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar. Çempionatda ümumilikdə 61 ölkədən 300-dən çox gimnast gücünü sınayacaq.

İdman 2019-09-12 19:21:00