×
A
A
A
Sazlamalar

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq əməkdaşlar üçün təqdimat keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təşəbbüsü ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsil olunacaq əməkdaşlar üçün təqdimat keçirilib.
Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd KOBİA-nın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işinə daha yaxından cəlb edilməsidir.
Agentliyin idarə heyətinin sədr müavini Mehman Abbas bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şərait yaranıb: “KOBİA-nın Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarında təmsilçiliyi bu sahədə aparılan islahatlara daha yaxından töhfə vermək imkanı yaradacaq”.
İİTKM-in analitiki Nərmin Kazımlı işçi qruplarında təmsil olunan 14 nümayəndəni komissiyanın işi və “Azranking.az” portalı barədə məlumatlandırıb. Həmçinin ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin daha da yaxşılaşdırılması məqsədilə yaradılmış komissiyanın tərkibində təmsil olunan işçi qruplarının fəaliyyəti barədə məlumat verilib, işçi qruplarının səmərəli fəaliyyətinin, onlar tərəfindən irəli sürüləcək təklif və təşəbbüslərin ölkədə sahibkarlığın inkişafı və onun rəqabət qabiliyyətinin daha da yüksəldilməsi baxımından əhəmiyyətli olacağı vurğulanıb. Eyni zamanda, işçi qruplarının bu ilin ikinci yarısı üzrə təsdiq edilmiş “İcra və Kommunikasiya Planları”nda KOBİA-nın nümayəndələri ilə birgə fəaliyyətin təmin olunması tədbirlərin icrasında səmərəliliyin təmini üçün mühüm əhəmiyyət kəsb edəcək.
N.Kazımlı, həmçinin portalın funksionallığı, eyni zamanda, “Elektron” Kargüzarlıq Sistemi”ndə istifadə ilə bağlı agentliyin nümayəndələrinə ətraflı məlumatlar təqdim edib. Əlavə edib ki, bu portal Azərbaycanda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyətinin rəqəmsal təşkili üçün yaradılıb. Portalda komissiya haqqında ümumi məlumat, qanunvericilik bazası, fəaliyyət, reytinqlər, müqayisə, onlayn müraciət və əlaqə bölümləri yer alıb.
Təqdimatın sonunda işçi qruplara cəlb ediləcək əməkdaşların təklif və fikirləri qeydə alınıb, həmçinin yaranan suallar cavablandırılıb.

İqtisadiyyat 2019-09-12 18:33:00