×
A
A
A
Sazlamalar

“Şahdəniz” qaz-kondensat yatağının kəşfindən 20 il ötür

Yataq Azərbaycanın müstəqilliyi, “Əsrin müqaviləsi” və düzgün neft strategiyası nəticəsində 1999-cu ildə açılıb

Bakı, 12 sentyabr, AZƏRTAC
AZƏRTAC ölkəmizin təbii qaz sənayesinin inkişafında və Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında mühüm rol oynayan “Şahdəniz” qaz-kondensat yatağının kəşf edilməsinin 20 illiyi ilə bağlı istehsalatçı alim, geologiya-mineralogiya elmləri doktoru, faydalı qazıntıların geofiziki axtarış üsulları ixtisası üzrə dosent-assistant professor Hümbət Vəliyevin məqaləsini təqdim edir. H.Vəliyev uzun müddət Dövlət Neft Şirkətinin Azərgeofizika Elmi-Tədqiqat İnstitutunda “Geodinamik gərginlik və kəsilişlərin neftlilik-qazlılığı” laboratoriyasında baş elmi işçi, sonra isə laboratoriya müdiri vəzifəsində çalışıb, 1990-cı ildən tədqiqinə başladığı “Şahdəniz”, “Bahar”, “Bulla-dəniz” sahələrinin geoloji tektonik quruluşunun öyrənilməsi və neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsi tədqiqatlarında yaxından iştirak edib. 2007-2014-cü illərdə Geofizika və Geologiya İdarəsinin Kəşfiyyat Geofizika İdarəsində baş mühəndis, yeni yaradılan bölümün istehsalat üzrə rəis müavini və bölümün rəisi işləyib.
Azərbaycanın quru ərazilərində “Muradxanlı”, “Cəfərli”, “Naftalan”, “Qazanbulaq”, “Tərsdəllər”, “Qalmaz”, “Qaradağ”, “Quba-Xəzəryanı” sahələrində və Xəzər dənizinin “Şahdəniz”, “Ümid”, “Babək”, “Qoşadaş”, “Neft Daşları”, “Oğuz”, “Bulla-dəniz” və digər strukturlarının geoloji-tektonik quruluşunun öyrənilməsində seysmik kəşfiyyatın əks olunan dalğa üsulu ilə axtarılan (2D, 3D) tədqiqatlarda yaxından iştirak edib, dəniz və çöl işlərinin yerinə yetirilməsinə, dəyərli məlumatların alınmasına məsul icraçı kimi rəhbərlik edib, 2 monoqrafiyanın, 133 elmi məqalənin, 69 elmi-texniki hesabatın, 3 ixtiranın və bir səmərələşdirici təklifin müəllifidir. Onun “Respublika”, “Xalq”, “İki Sahil” qəzetlərində geofiziki və ekoloji problemlərə dair, Azərbaycanın neft strategiyası və neft yataqlarının proqnozu ilə bağlı elmi-kütləvi yazıları müntəzəm olaraq çap edilir.
H.Vəliyev Azərbaycan Milli Geofizika Komitəsinin, Neftçi Geoloqlar Cəmiyyətinin və Seysmoloqlar Assosiasiyasının üzvüdür. 2013-cü ildə “Neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə” Dövlət Neft Şirkətinin fəxri fərmanı ilə, 2017-ci ildə “Geofiziki və geoloji tədqiqatlar və təhsil sahəsində səmərəli fəaliyyətinə görə” Azərbaycan Milli Geofizika Komitəsi İctimai Birliyinin fəxri fərmanı ilə təltif olunub. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanında Ali Attestasiya Komissiyasının Yer elmləri ekspert komissiyasının üzvüdür.
O, uzun müddət geofiziki məlumatların, geofiziki və geokimyəvi monitorinq nəticələrinin qeyri-ənənəvi interpretasiyası və dərin qatların neftlilik-qazlılıq perspektivinin proqnozu ilə məşğul olub, həmçinin müstəqil olaraq ekoloji geofiziki (ekogeofiziki) problemlərə dair və son illər texnoekogeofizika elminin aktual məsələlərinə dair tədqiqatlar aparıb və Xəzər meqaçökəkliyinin əmələ gəlməsinə dair fərqli modellər mövzusunda beynəlxalq elmi konfranslarda çıxışlar edir.

Dənizdə olan perspektivli strukturların öyrənilməsi, neftlilik-qazlılıq perspektivinin qiymətləndirilməsinə dair ciddi və müdrik qərarları ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gələndən sonra verdi, onun göstərişi ilə Dövlət Neft Şirkəti tərəfindən “Şahdəniz” və digər strukturların geoloji quruluşunun müasir geofiziki üsullarla öyrənilməsinə diqqət artırıldı.
Azərbaycan hökumətinin “Şahdəniz” yatağının kəşfi ilə əlaqədar gördüyü işlər, aparılan tədqiqatlar öz bəhrəsini verdi və “Şahdəniz” yatağı 1999-cu ildə kəşf edildi. Beləliklə də “Şahdəniz” yatağının dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olduğu təsdiqləndi.
“Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatının müsbət nəticəsi Azərbaycan neft sənayesini daha da gücləndirdi, qaz hasilatı sahəsində yeni dirçəliş başlandı. Əhalinin və sənayenin təbii qazla təchizatı sahəsində yeni səhifə açıldı. Yatağın kəşfi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən qonşu strukturlara marağı artırdı. İlkin sazişdə “Şahdəniz” yatağının birgə işlənməsi müddəti 30 il nəzərdə tutuldu. Sazişə görə, Azərbaycan dövləti yatağın istismarına nəzarəti və istismarın idarə edilməsi hüquqlarını özündə saxladı.
Hazırda “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsinə başlanıb. Konsorsium üzvləri 2013-cü il dekabrın 17-də Bakıda növbəti tarixi qərara imza atdılar. “Şahdəniz”in yeni müqaviləsini Prezident İlham Əliyev “Yeni əsrin müqaviləsi” adlandırdı. Ölkə başçısı bu müqavilə ilə bağlı deyirdi ki, gələcəkdə “Şahdəniz” qazının əhatə dairəsi genişlənəcək, TAP və TANAP-a yönəldiləcək, ilk mərhələdə layihə çərçivəsində Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, İtaliya və Albaniya əhatə olunacaq. Sonralar qaz kəmərlərinin balkanlara kimi genişlənəcəyi, Monteneqro və Xorvatiyaya qədər çatacağı, daha sonralar Macarıstan və Rumıniyaya da çatdırılması nəzərdə tutulur.
“Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilədək uzadılması strateji yol xəritələrində müəyyən edilən inkişaf hədəflərinə daha sürətlə çatmasına imkan verəcək. “Əsrin müqaviləsi” yenidən Azərbaycanı dünyaya neft ölkəsi kimi tanıtdısa, 1999-cu ilin iyununda nəhəng “Şahdəniz” yatağının kəşf edilməsi və “Şahdəniz” qaz layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanı dünyaya böyük miqdarda qaz ixrac etmək imkanlarına malik bir ölkə kimi tanıtdı. “Şahdəniz” yatağı dünyada zəngin qaz yataqlarından biri olmaqla, həmçinin “Ümid” və “Abşeron” yataqlarının kəşfinə də yol açdı, Azərbaycanın çox böyük qaz ehtiyatlarına malik olduğunu təsdiq etdi.
Azərbaycanın neft-qaz potensialını bilməyən insanlar, hətta bu sahədə çalışan bəzi tədqiqatçılar regionun dərinlik quruluşunu, strukturların geoloji-tektonik əlamətlərini, litoloji-petrofiziki xüsusiyyətlərini və geodinamik-gərginlik şəraitini araşdırmadan karbohidrogen resurslarının yaxın gələcəkdə azalacağını söyləyirlər. Son araşdırmalar, alınan yeni geoloji-geofiziki məlumatlar, Xəzər hövzəsinin yaranmasına dair müasir modellər belə fikirlərin elmi əsası olmadığını və yaxın gələcəkdə daha zəngin neft-qaz yataqlarının açılacağını deməyə əsas verir.
İndiyə kimi toplanmış geofiziki məlumatlar nəzərə alınaraq, biz son illərdə apardığımız tədqiqatlarda Xəzər hövzəsinin yaranmasını Tuço Vilsonun 1965-ci ildə “plyum mantiya” nəzəri fikirlərinə uyğun izah olunan Ş.Maruyamanın işlədiyi modelə istinadən təhlil etməyə başlamışıq. Beynəlxalq konfranslarda, elmi jurnallarda məqalələrimiz çap olunub və bu istiqamətdə elmi tədqiqat işlərimiz davam etdirilir. Bu modeldə nüvə-mantiya keçid zonasında yaranan həyəcanlanma maqmaya oxşar plyumun yer səthinə hərəkətinə səbəb olur. Xəzər hövzəsinə uyğun ərazidə plyum yer qabığına istiqamətlənmiş hərəkət etməklə litosfer qatda şaquli və horizontal yerdəyişmələr yaradır. Plyumun yer qabığına istiqamətlənmiş hərəkəti zamanı spiralvarı və müxtəlif hərəkətlərlə mühitin geodinamik şəraitini dəyişdirib, litosfer qatda soyumağa başlayıb və nəticədə Xəzər hövzəsi yaranıb.
Xəzər hövzəsində çöküntü toplanması prosesi Mezozoydan əvvəl başlayıb, Yura dövründə təxminən eyni tendensiya ilə Yer qabığının intensiv enməsi davam etmiş və maqmatik plyumun yaratdığı burulğanvarı hərəkətin təsirindən çökmə prosesi zamanı dairəvi-spiralvarı sıralanmış “Bahar”, “Şahdəniz”, “Abşeron”, “Şəfəq”, “Məşəl”, “Babək”, “Ümid”, “Bulla-dəniz”, “Asiman”, “Zəfər” və sair antiklinal strukturlar əmələ gəlib və burada böyük həcmdə karbohidrogen potensialı toplanıb. Bu modelə uyğun qeyd olunan strukturlarda, yaxın gələcəkdə, çox zəngin neft və qaz yataqlarının açılacağı labüddür. Hazırda Xəzər dənizində karbohidrogen ehtiyatı 200 milyard kubmetr qazdan və 40 milyon ton kondensatdan ibarət olan “Ümid” yatağının kəşf edilməsi buna sübutdur.
Qeyd olunan nailiyyətlərin qazanılmasında Azərbaycan geofiziklərinin böyük rolu var. SOCAR-ın prezidenti Rövnəq Abdullayev geofiziki tədqiqatların yüksək səviyyədə aparılmasını həmişə diqqətdə saxlayır. Geofiziki cihazların, seysmik tədqiqatlar aparmaq üçün müasir avadanlıqların, quru və dənizdə işlədilən seysmostansiyaların, avtomatik koordinat təyinetmə cihazlarının, səyyar naviqasiya və koordinattəyinetmə avadanlığının, seysmik dalğa yaradan “AHV-IV” tipli titrədici qurğuların və sair alınmasına şərait yaranır, düzgün işlədilməsi və layihələrin beynəlxalq normalara uyğun icra olunması diqqətdə saxlanılır. Dənizdə seysmik işlər aparan “Geofizik-1” (dalğa mənbəyi və pingirləmə) və “Geofizik-3” ETG-dən (seysmik avadanlığın dənizin dibinə sərilməsi və seysmik yazıların qeydiyyatı), 2 ədəd kiçikhəcmli qayıqlar (Arya tipli) və onları daşımaq üçün 1 ədəd yedək gəmisi, gəmilərdə “Sonar” və “Exolot” avadanlıqları həmişə işlək vəziyyətdə saxlanılır. Bu cihaz və avadanlıqla yerinə yetirilən layihələrdə alınan seysmik məlumatların emalı və interpretasiyasını aparmaq üçün beynəlxalq standartlara uyğun hesablama mərkəzi var. Hesablama mərkəzi müasir, iritutumlu kompüterlərlə və ən qabaqcıl proqramlarla təchiz olunub. İndiyədək Azərbaycanın quru və dəniz sahələrində - “Muradxanlı”, “Qaradağ” və “Qalmaz” qaz anbarları sahəsində, “Xıdırlı-Bəndovan”da və çoxlu sayda başqa ərazilərdə 3D seysmik tədqiqat işləri uğurla başa çatdırılıb və çox dəyərli nəticələr alınıb. Dənizdə “Bahar”, “Qoşadaş”, “Bulla-dəniz”, “Xərə-Zirə” və başqa sahələrdə seysmik tədqiqatlar aparılıb, “Şahdəniz”, “Neft Daşları”, “Oğuz”, “Ümid”, “Babək” və sair sahələrin geoloji-tektonik quruluşu öyrənilib, strukturların perspektivli olduğu əsaslandırılıb və qazılması nəzərdə tutulan quyuların yeri dəqiqləşdirilib.
SOCAR-ın Geofizika və Geologiya İdarəsi Elçin Şirinovun rəhbərliyi ilə bütün ilboyu çox vacib olan layihələri yerinə yetirir. Azərbaycan geofiziklərinin “Şahdəniz”, “Ümid”, “Babək”, “Qoşadaş” və digər strukturlara dair seysmik materialları yenidən araşdırması və bu strukturların çox perspektivli olduğunu təsdiqləməsi, bugünkü neft-qaz potensialının artırılmasına gətirib çıxarıb. Hazırda həm quru ərazilərdə, həm də dənizdə seysmik tədqiqat işləri davam etdirilir və çox dəyərli nəticələr alınır. Geofiziklərin əldə etdikləri nailiyyətlər, Xəzərdə yeni neft-qaz yataqlarının axtarışı işləri yeni yataqların kəşfinə, ölkəmizin uzun müddət təbii qaz və neft hasil etməsinə imkan yaradacaq. Kəşf olunacaq yeni yataqlar neft və qaz hasilatının daha da artmasına təkan verəcək.
“Əsrin müqaviləsi” hələlik təqribən 8-10 kilometr dərinlik intervalda olan neft yataqları timsalında reallaşır. Azərbaycanda dərin qatlarda, 8-15 kilometr intervalda, karbohidrogen potensialının daha geniş olması ehtimalı yüksək olan ərazilərdə, neft və qaz yataqlarının müasir geofiziki üsullarla axtarışına başlamağın da vaxtı çatıb. SOCAR-ın Geofizika və Geologiya İdarəsində bu işləri görməyə kifayət qədər təcrübəli kadr potensialı var. Gələcəkdə texniki bazanı gücləndirmək və yeni texnologiyanı tətbiq etməklə, dərin qatların geoloji-tektonik quruluşunun 3 ölçülü seysmik tədqiqat üsulları ilə öyrənilməsi alınan mədən geofiziki və petrofiziki məlumatların kompleks təhlilinin aparılması artıq günün təxirəsalınmaz məsələlərindən biri kimi diqqət mərkəzində olmalıdır. Məhz bu yolla Azərbaycanı yenə də yaxın gələcəkdə dünyanın zəngin neft ölkələri sırasında görə bilərik. Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması xalqımızın xoşbəxtliyidir, bu gün və gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ən əsas amildir.

Neft - qaz 2019-09-12 18:08:00