×
A
A
A
Sazlamalar

Ölkəmizdə ali təhsil almaq istəyən əcnəbi tələbələrin miqrasiya məsələləri müzakirə olunub

Bakı, 12 sentyabr, AZƏRTAC

Yeni tədris ilinin başlaması ərəfəsində Dövlət Miqrasiya Xidmətinin (DMX) aparatında Təhsil Nazirliyinin və ölkəmizdə fəaliyyət göstərən 50-yə yaxın ali təhsil ocağının müvafiq struktur bölmələrinin məsul əməkdaşları ilə görüş keçirilib.
DMX-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi ali təhsil müəssisələrinin əməkdaşlarını Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlandırmaq və əcnəbi tələbələrin miqrasiya məsələlərini müzakirə etmək olub.
Xidmətin miqrasiya proseslərini tənzimləmə baş idarəsinin rəisi İsmayıl Abdullayev qurum tərəfindən Azərbaycanda miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi ilə bağlı həyata keçirilən tədbirlər, Miqrasiya Məcəlləsinə və dövlət rüsumu haqqında qanuna edilən yeni dəyişikliklər barədə müfəssəl məlumat verib. Bildirilib ki, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallardan biri də şəxsin ölkənin ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil almasıdır. O, təşrif buyuran hər bir əcnəbi tələbənin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması istiqamətdə görülən işlərdən danışıb. Ali məktəblərin əcnəbi tələbələrlə iş üzrə müvafiq struktur bölmələrinin məsul əməkdaşlarının bu prosesə diqqətlə yanaşmalarının zəruriliyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sosial 2019-09-12 18:18:00