×
A
A
A
Sazlamalar

Amputant mini futbol yığmamızın üzvləri ilə Azərbaycanın Ukraynadakı səfirliyində görüş keçirilib

Kiyev, 12 sentyabr, AZƏRTAC

Kiyevdə səfərdə olan Azərbaycanın amputant veteranlardan ibarət mini futbol komandasının üzvləri ilə ölkəmizin Ukraynadakı səfirliyində görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, komandanın üzvləri və səfirliyin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə tər çiçəklər düzüblər.
Komandanın ötən gün Ukraynanın amputant veteranlarından ibarət mini futbol yığması ilə baxımlı oyun keçirdiyini deyən səfir Azər Xudiyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində müharibə veteranlarımızın sosial şəraiti gündən-günə yaxşılaşdırılır. Veteranlarımızın iqtisadi-sosial vəziyyətinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Əlil Döyüşçülər Futbol Federasiyasının (ƏDFF) prezidenti Rövşən Quliyev, vitse-prezidenti Elmar Hüseynov Azərbaycan dövlətinin dəstəyini daim hiss etdiklərini bildiriblər. Qeyd edilib ki, federasiyanın qısa müddətdə yaranmasına baxmayaraq, göstərilən diqqət və qayğı nəticəsində mini futbol komandası artıq uğurlu nəticələr göstərməkdədir.
Görüşün sonunda federasiyanın adından səfir Azər Xudiyev, səfirliyin hərbi attaşesi, polkovnik İlqar Ağayev və Ukraynada döyüşlərdə iştirak edən hərbçi soydaşımız Vidadi İsrafilov xüsusi diplomla mükafatlandırılıblar.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

İdman 2019-09-12 16:50:00