×
A
A
A
Sazlamalar

Masallı məzunlarından iki nəfəri Prezident təqaüdünə layiq görülüb

Masallı, 12 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə təltif olunanlar arasında Masallı rayonunun ümumtəhsil məktəblərinin iki məzununun da adı var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı rayonunun Həsənli kənd tam orta məktəbinin məzunu, 685,3 balla Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olan Azər Musayev və Masallı şəhər 4 nömrəli tam orta məktəbin məzunu, 684,3 balla Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olmuş Şəhriyar Səmədov Prezident təqaüdünə layiq görülüblər.
Hər iki məzun tam orta məktəbdə təhsil aldıqları müddətdə dəfələrlə olimpiadalarda yüksək nəticə göstəriblər. Onlar 2018-2019-cu tədris ilində Təhsil Nazirliyinin keçirdiyi Respublika fənn olimpiadalarının qalibi kimi nazirliyin sertifikatlarına layiq görülüblər.
Qeyd edək ki, bu il Masallı rayonunun ümumtəhsil məktəblərini bitirən 1311 məzundan 546 nəfəri tələbə adını qazanıb, onlardan 191 nəfəri qızlardır.
Ali məktəblərə qəbul imtahanları zamanı "Dəfinə" məktəb-liseyin, Şərəfə və Hişkədərə kənd tam orta, Ərkivan qəsəbə 2, şəhər 1 və 4 nömrəli tam orta məktəblərin məzunları 600-dən yuxarı bal toplayıblar.
Bu il, həmçinin rayonda doqquzillik təhsil bazası üzrə 144, on bir illik təhsil bazası üzrə 106 məzun kolleclərə qəbul olunub.
Məzunlardan 14 nəfəri tam orta, 7 nəfəri ümumi orta təhsili fərqlənmə, bir nəfər isə tam orta təhsili xüsusi nümunəli attestatla bitirib. Sığdaş kənd tam orta məktəbin şagirdi Şəhla Sadıxova isə qızıl medala layiq görülüb.

Regionlar 2019-09-12 17:01:00