×
A
A
A
Sazlamalar

AMEA-nın beş institutunun direktoru vəzifəsinə seçkilər keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC 

Sentyabrın 12-də AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağı keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə FRTEB-in akademik-katibi, akademik Nazim Məmmədov gündəlikdəki məsələləri diqqətə çatdırıb. Bildirib ki, bugünkü iclasda bölmənin Fizika, Riyaziyyat və Mexanika, İnformasiya Texnologiyaları, İdarəetmə Sistemləri və Biofizika institutlarında direktor vəzifəsini tutmaq üçün seçkilər keçiriləcək. Bölmənin elmi-tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Sonra səsvermənin nəticələri bölməyə daxil olur. Təqdim olunan sənədlərin baxılması üçün texniki ekspertiza komissiyasının yaradıldığını deyən alim bölmədə gizli səsvermə yolu ilə seçkilər aparılacağını və seçilən namizədlərin AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunacağını bildirib.
Akademik Yusif Məmmədov müsabiqə komissiyasının və ekspertlərin yekun rəylərini diqqətə çatdırıb.
İclasda bölmənin elmi müəssisələrinə direktor seçmək üçün hesablayıcı komissiya yaradılıb. Komissiyanın sədri akademik Cavad Abdinov olmaqla, tərkibi (AMEA-nın müxbir üzvləri Məsumə Məmmədova və Vaqif Quliyev) seçilib.
Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.
Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib. Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.

Elm və təhsil 2019-09-12 16:00:00