×
A
A
A
Sazlamalar

Muxtar respublikada şagirdlər dərslik, müəllimlər isə metodik vəsaitlərlə təmin olunublar

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 11-dən muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu addım tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Həmin gündən etibarən müəllimlərə veriləcək metodik vəsaitlər isə onların tədris prosesini planlaşdırmalarına və metodik hazırlıq səviyyələrini artırmalarına kömək edəcək. Dərsliklərin saxlanılması və onlardan istifadə ilə əlaqədar məktəb kitabxanaçıları və sinif rəhbərləri tərəfindən şagird və valideynlərlə söhbətlər aparılıb.
Qeyd edək ki, avqust ayında muxtar respublikaya Bakı şəhərindən 264 min 719 dərslik, 8998 metodik vəsait gətirilib. Ümumtəhsil məktəblərində yeni dərsliklər şagirdlərə paylanmazdan əvvəl kitabxana qaydası üzrə işlənilərək fonda daxil edilib.
Bu tədris ilində ümumtəhsil məktəblərinin IV və VIII sinifləri üçün nəzərdə tutulan dərsliklər tamamilə yenilənib, digər siniflərdə isə dərsliklərə olan tələbata uyğun olaraq sifarişlər verilib.

Regionlar 2019-09-12 15:37:00