×
A
A
A
Sazlamalar

Azərbaycan gimnastı Zöhrə Ağamirova: Bizim üzərimizə böyük məsuliyyət düşür

Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 16-dan 22-dək Azərbaycan paytaxtında böyük bir yarış – bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçiriləcək. Dünya çempionatı ərəfəsində onun iştirakçılarından biri – fərdi proqramda ölkəmizi təmsil edəcək Zöhrə Ağamirova yarışlara necə hazırlaşması və Azərbaycan yığmasının heyətində çıxış etməyin ondan ötrü nə demək olması barədə söhbət açıb.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, idmançıların çoxu kimi Zöhrə Ağamirovanı da uşaq vaxtı gimnastika məşğələlərinə valideynləri gətirib.
İdmançı deyib: “Valideynlərim məsləhətləşdilər və məni gimnastika seksiyasına yazdırmağı qərara aldılar. Mən üç yasımda ikən gimnastika ilə məşğul olmağa başladım. Əvvəlcə akrobatika ilə məşğul olurdum, sonra isə 4 yaşımda bədii gimnastika bölməsinə keçdim. Artıq altıncı ildir ki, Azərbaycan yığmasında çıxış edirəm. Bu, böyük məsuliyyət deməkdir”.
Zöhrə Ağamirova Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ikinci kursunda oxuyur, dərs məşğələlərindən və məşqlərdən asudə vaxtında isə musiqi dinləməyi və mahnı oxumağı xoşlayır.
Gimnast qız deyib: “Asudə vaxtımda mahnı oxumağı və xarici musiqi dinləməyi xoşlayıram. Lakin mənim üçün bədii gimnastika həyatda hər şeydən üstündür. Bu, idmanın ən gözəl və qadınlara yaraşan növüdür. Bədii gimnastika həm də insanın xarakterini formalaşdırır, iradə qüvvəsini inkişaf etdirir”.
İdmançı xanım hazırda bütün gücünü bədii gimnastika üzrə 37-ci dünya çempionatına hazırlaşmağa sərf edir. O deyir: “Biz Bakıda keçiriləcək dünya çempionatına çox ciddi hazırlaşırıq. Bu yarışlar 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlardır. Bununla əlaqədar, biz çox böyük məsuliyyət hiss edirik. Yarışlarda həyəcənlanırıq. Bunun öhdəsindən gəlməkdə komanda yoldaşlarımız və əlbəttə, məşqçi bizə kömək edir. Xalça üzərinə çıxmazdan əvvəl fikrimi cəmləşdirməyə çalışıram, məşqçinin məsləhətlərinə qulaq asıram”.
Zöhrə Ağamirova daha sonra bildirib ki, idmançıların çoxundan fərqli olaraq onun talismanı yoxdur, buna görə də yarışlarda ona inam verən - zaldakı tamaşaçıların dəstəyidir.
O deyib: “Tamaşaçıların səni necə dəstəklədiyini eşidəndə çıxış etmək asan olur. Buna görə də sentyabrın 16-dan 22-dək hamını Milli Gimnastika Arenasına dəvət edirəm”.

İdman 2019-09-12 14:57:00