×
A
A
A
Sazlamalar

Latviyalı mütəxəssis Azərbaycanda kölgə iqtisadiyyatının azaldılması sahəsində təcrübə mübadiləsi aparacaq

Riqa, 12 sentyabr, AZƏRTAC 

Latviya Ticarət və Sənaye Palatasının (LTRK) idarə heyətinin üzvü və Siyasi məsələlər departamentinin rəhbəri Katrina Zarinya sentyabrın 13-də Bakıya səfər edəcək.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə və onun iqtisadi artıma təsiri mövzusunda konfransda iştirakdır. K.Zarinya konfransda “Kölgə iqtisadiyyatına qarşı mübarizədə biznesə dəstək təşkilatlarının rolu: Latviya nümunəsi” mövzusunda təqdimatla çıxış edəcək.
Səfəri barədə məlumat verən ekspert bildirib ki, təcrübə və bu problemin aradan qaldırılması üçün istifadə etdikləri vasitələri azərbaycanlı həmkarlarla bölüşməkdən məmnunluq duyacaq.
Elmi-nəzəri konfrans Azərbaycanın Auditorlar Palatası və Vergilər Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Tədbirdə onlarla xarici ölkə mütəxəssisinin iştirakı gözlənilir.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

 

İqtisadiyyat 2019-09-12 14:20:00