×
A
A
A
Sazlamalar

Musiqili Teatr Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalında üç səhnə əsəri ilə çıxış edəcək

Bakı, 12 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı üç səhnə əsəri ilə teatrsevərlərin görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 20-22-də dahi bəstəkarın “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyaları, 27-də isə Macar bəstəkarı İmrə Kalmanın “Silva” əsəri təqdim ediləcək. Tamaşalar axşam saat 19:00-da başlayacaq.
Teatr 110-cu mövsümünün açılışında nümayiş olunacaq “O olmasın, bu olsun” ikihissəli musiqili komediyasında Xalq artisti, “Şöhrət” ordenli, sevilən gülüş ustası Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, “Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın peşəkar aktyorları çıxış edəcək. Bu tamaşada, həmçinin İran İslam Respublikasında böyük şöhrət qazanmış aktyor və rejissor, Təbriz teatrının rəhbəri Babək Nəhreyn Hambal obrazını canlandıracaq. “Silva” tamaşasında isə Belarus Respublikasının Əməkdar artisti, Belarus Dövlət Akademik Musiqili Teatrının solisti Marqarita Aleksandroviç teatrın rus bölməsinin aktyorları ilə birgə eyni səhnəni paylaşacaq.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Teatr və kino 2019-09-12 14:06:00