Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Yalama Aqropark”da ay ərzində 600 ton süd, 50 tona yaxın diri çəkidə ət istehsal olunur VİDEO

Xaçmaz, 12 sentyabr, Elxan Yusifli, AZƏRTAC
“Yalama Aqropark”ın fəaliyyətə başlamasının üç ili tamam olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu illər ərzində “Yalama Aqropark”da innovativ üsullardan və müasir texnologiyadan istifadə edildiyindən istehsal sahələri üzrə ölkədə ən yüksək məhsuldarlıq səviyyəsinə nail olunub. Hazırda müəssisədə gündəlik süd istehsalı 18-20 ton təşkil edir. Aylıq göstərici isə 600 tona yaxındır. Bir ay ərzində diri çəkidə ət istehsalı isə 40-50 ton arasında dəyişir.
Azərbaycanın ən iri heyvandarlıq təsərrüfatlarından olan “Yalama Aqropark”da saxlanılan heyvanların sayı üç il ərzində 3 min başa çatdırılıb. Aqroparkda “Simmental” cinsinə aid südlük-ətlik istiqamətli heyvanlar saxlanılır. Bu heyvanlarda südün keyfiyyəti göstəricilərinə görə digər cinslərdən fərqlənir. İstehsal edilən südün yağlılıq dərəcəsi 4,2 faiz və daha yuxarı olduğundan tərəfdaş emal müəssisələri tərəfindən kərə yağı istehsalında geniş tətbiq olunur. Stabil keyfiyyətli süd istehsalı ölkəmizin süd məhsullarına tələbatının ödənilməsində əhəmiyyətli rol oynayır.
Qarşıya qoyulan tapşırığa uyğun olaraq “Yalama Aqropark”ın əkin sahələri 3 dəfə artırılıb, eyni zamanda, istehsal genişləndirilib. Xaçmaz rayonunun İstisu qəsəbəsində Dövlət Ehtiyat Fondu torpaqlarından 956 hektar sahə uzunmüddətli icarəyə götürülərək əkin dövriyyəsinə qatılıb. Bununla da müəssisənin əkin dövriyyəsinə cəlb etdiyi torpaq sahəsi 523 hektardan 1479 hektara çatdırılıb.
Əkin dövriyyəsinə cəlb edilən yeni torpaqlarda kollektor-drenaj sistemləri təmizlənib, mövcud suvarma kanalları bərpa edilib. Bununla yanaşı, əkin sahələrinin daimi suvarma suyu ilə təmin olunması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tərəfindən mənbəyini Xanarx kanalından götürən əlavə təsərrüfatlararası suvarma kanallarının çəkilişi, tutumu 50 min kubmetr olan 2 ədəd su hovuzunun tikintisi, həmçinin “Valley”, “Reinke” və “Lindsay” kimi məşhur şirkətlər tərəfindən müasir suvarma sistemlərinin qurulması üzrə işlər davam etdirilir.
“Yalama Aqropark”da 240 başlıq yeni tövlənin tikintisi də yekunlaşdırılıb. Bu da təsərrüfatdakı heyvanların sayını daha da artırmağa imkan verir. Bununla yanaşı, təsərrüfatda ümumi tutumu 10 min ton olan 3 silos quyusu tikilib, yem tədarükü və emalının tələbata uyğun formada təmini üçün taxıl saxlama bunkeri quraşdırılıb. Qarşıdakı aylarda “Yalama Aqropark”da daha iki tövlə tikiləcək.
İdxaldan asılılığı azaltmaq üçün aqroparkda hər il soya bitkisinin əkini aparılır, taxıl və qarğıdalı əkini sahələri genişləndirilir.
Qeyd edək ki, Azərbaycanda yaradılan ilk aqropark Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. 2016-cı il sentyabrın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “Yalama Aqropark”ın açılış mərasimi keçirilib. Layihənin ilkin mərhələsinə uyğun olaraq, “Yalama Aqropark”da 3 min başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb.

Kənd təsərrüfatı 2019-09-12 13:32:00

Video