×
A
A
A
Sazlamalar

AMEA-nın Gəncə bölməsində Gürcüstanın baş konsulu ilə görüş keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində Gürcüstanın Gəncəyə yeni təyin edilmiş Baş konsulu Nikoloz İaşvili ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev qonağı salamlayaraq Azərbaycanın ikinci sənaye və mədəniyyət mərkəzində konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Gürcüstanlı diplomata AMEA Gəncə bölməsinin strukturu və fəaliyyəti, qədim şəhərin müasir elmi potensialı, ölkələrimiz arasında davam edən elmi əlaqələr haqqında ətraflı məlumat verib.
Gəncənin əsrlərboyu elm və mədəniyyət mərkəzi kimi inkişaf etdiyini vurğulayan Fuad Əliyev qeyd edib ki, şəhərdəki qədim tarixi abidələr və çoxsaylı muzeylər turizm əlaqələrinin genişləndirilməsinə şərait yaradır. O, AMEA-nın Gəncə bölməsində son illərdə əldə edilmiş əsas elmi nailiyyətləri diqqətə çatdırıb, aparılan fundamental tədqiqatlar, ictimai və humanitar elmlər sahəsində qazanılmış uğurlardan danışıb. Həmçinin Gəncədə aparılan arxeoloji tədqiqatlarda gürcü alimlərinin də iştirakının vacibliyi vurğulanıb.
Akademik müstəqil Azərbaycan dövlətinin məhz Tiflisdə elan edilməsini ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirib, həmin tarixi hadisənin daha geniş və hərtərəfli araşdırılmasına ehtiyac duyulduğunu bildirib.
Səmimi görüşə və işgüzar söhbətə görə minnətdarlıq edən Gürcüstanın Gəncədəki Baş konsulu Nikoloz İaşvili deyib ki, fəaliyyətə başlamasından cəmi üç ay keçməsinə baxmayaraq, Azərbaycan və Gəncə haqqında zəngin məlumata malikdir. Ölkələrimiz arasında geniş dostluq və əməkdaşlıq münasibətləri var və gələcək fəaliyyətinin əsas istiqamətini bu əlaqələrin daha da inkişaf etdirilməsində görür.
Elmi əlaqələrin də əhəmiyyətini vurğulayan gürcüstanlı diplomat beynəlxalq konfranslarda, simpozium və digər elmi tədbirlərdə gürcüstanlı alimlərin daha yaxından iştirakında maraqlı olduğunu söyləyib, qarşılıqlı əməkdaşlığın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.
İşgüzar şəraitdə keçən görüşdə şəhərlərimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Sonda xatirə hədiyyələri təqdim olunub.

Regionlar 2019-09-12 13:22:00