×
A
A
A
Sazlamalar

Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə liderdir

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbi (BANM) I ixtisas qrupu üzrə Prezident təqaüdçülərinin sayına görə ölkədə liderdir.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 2019-cu il 9 sentyabr tarixli Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdə layiq görülüb. Beləliklə, BANM-in yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatdı.
Müvafiq Sərəncamla, bu il ümumilikdə 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb.
Qeyd edək ki, 23 Prezident təqaüdçüsündən 15-i BANM-in informasiya təhlükəsizliyi ixtisasını, 5-i proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasını, 2-si kimya mühəndisliyi ixtisasını, 1-i isə neft-qaz mühəndisliyi ixtisasını seçib.
Birinci qrup üzrə ən yüksək bal toplayan (690,5 bal) Əsmər Hacızadə Prezident təqaüdçüsü və Bakı Ali Neft Məktəbinin tələbəsidir. Ali məktəb üzrə 11 nəfər 680-dən çox bal toplayıb. Bu il BANM-in Prezident təqaüdçülərinin ən minimal balı isə 674.1 olub.

Elm və təhsil 2019-09-12 12:50:00