×
A
A
A
Sazlamalar

Meksikalı pianoçu Xesus Lepe Rikon Sumqayıtda konsert verib

Bakı, 12 sentyabr, AZƏRTAC

Meksikalı pianoçu Xesus Lepe Rikonun Azərbaycana budəfəki səfəri çərçivəsində son konserti sentyabrın 11-də Sumqayıt şəhərində keçirilib. Meksikalı pianoçu Sumqayıt Dövlət Dram Teatrında çıxış edib.
Meksikanın ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildirilib ki, konsert çərçivəsində Bax, Bethoven və Şopen kimi məşhur bəstəkarların əsərləri ifa olunub. Eyni zamanda, Rikardo Kastro və Belisario de Xesus Qarsiya de la Qarza kimi dünya şöhrətli görkəmli meksikalı bəstəkarların yaradıcılığına da müraciət edilib.
Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edərək deyib ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr, mədəniyyət, ticarət və turizm də daxil olmaqla, müxtəlif sahələr üzrə əməkdaşlıq və hüquqi bazanın möhkəmlənməsi sayəsində Meksika və Azərbaycan artıq daha yaxındır. Diplomat vurğulayıb ki, çoxsaylı sahələrdə təcrübə mübadiləsini zənginləşdirən və parlament diplomatiyasına təkan verən qarşılıqlı səfərlər əhəmiyyətli dərəcədə intensivləşib. O əlavə edib ki, Xesus Lepenin konserti Meksika səfirliyinin bir sıra mədəni tədbirlərin Sumqayıt şəhərində keçirilməsinin başlanğıcıdır, bu baxımdan şəhərin sakinləri və qonaqları Meksika adətləri ilə daha yaxından tanış ola biləcək.
Konsert proqramı maraqla qarşılanıb.

Mədəniyyət 2019-09-12 12:28:00