×
A
A
A
Sazlamalar

İlahiyyat İnstitutunda sınaq dərsləri təşkil olunur

Bakı, 12 sentyabr, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müəllimlərin işə qəbulu ilə əlaqədar sınaq dərslərinin təşkili davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sınaq dərslərdə Aİİ-nin rəhbərliyi və müəllim heyəti iştirak edir. Dərslərin təşkilində əsas məqsəd öz sahəsində dərin biliyə malik peşəkar mütəxəssislərin işə cəlb edilməsidir.
Aİİ öz məqsədlərinə nail olmaq üçün kadr seçiminə xüsusi diqqətlə yanaşır. Yeni kadrların işə qəbulunu institutda yaradılan rəhbər və müəllim heyətindən ibarət komissiya icra edir. Üç mərhələdə reallaşan seçimdə ilkin olaraq komissiyaya təqdim edilən CV-lər nəzərdən keçirilir. Müsahibəyə dəvət olunan və uğurla keçən namizədlər sınaq (demo) dərsinə cəlb edilir. Burada müəllimlərin təqdim etdiyi fənn barədə ümumi bilik və bacarıqlarına, mövzunu tam və açıq surətdə izah etməsinə, müasir dərs vəsaitlərindən istifadəsinə diqqət yetirilir. Sonda komissiya üzvlərinin və ixtisas müəllimlərinin iştirakı ilə işə qəbulla bağlı yekun qərar verilir.
Xatırladaq ki, institutda yüksək ixtisaslı kadrların, mütəxəssislərin hazırlanması məqsədilə tələbələrə dini elmlərlə yanaşı Fəlsəfə, Sosiologiya, Psixologiya, Multikulturalizm, Azərbaycan dili və nitq mədəniyyəti, İnformatika və s. sosial və humanitar elmlər də tədris olunur. Eyni zamanda, institut fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq, tələbə-müəllim mübadiləsi həyata keçirmək məqsədilə beynəlxalq əməkdaşlıq əlaqələri qurur.

Elm və təhsil 2019-09-12 11:27:00