×
A
A
A
Sazlamalar

Bakıda IV İndoneziya mədəniyyəti festivalının açılışı olub

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Heydər Əliyev Sarayında IV İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirilib. Tədbir İndoneziyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar sarayın foyesində İndoneziyanmı milli mədəniyyətini əks etdirən sərgi ilə tanış oldular.
İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fənani çıxış edərək ölkəmizdə İndoneziya mədəniyyət festivallarının təşkil olunmasına yaxından dəstək verdiyinə görə Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib. Azərbaycan ilə İndoneziya arasında mövcud olan mədəni əlaqələrdən danışan səfir ölkəmizin də zəngin mədəniyyətə malik olduğunu vurğulayıb. Qeyd edib ki, festivalın təşkil olunması təkcə İndoneziya mədəniyyətini və turizmini tanıtmaq deyil, həmçinin ölkənin müstəqillik əldə etməsinin 74-cü ilinə həsr olunub: “Ölkəmiz zəngin, eyni zamanda böyük mədəniyyətə sahibdir. Festival İndoneziya mədəniyyəti və ölkəmizdə istehsal olunmuş məhsulların tanıdılması baxımında xüsusi əhəmiyyətə malikdir”.
Səfir qeyd edib ki, Bakının Fəvvarələr meydanında təşkil olunacaq mədəni tədbirlərə İndoneziyadan 100 nəfərdən çox incəsənət nümayəndələri, iş adamları, qatılacaq.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev İndoneziyanın milli bayramı və festival münasibətilə ölkə başçısının təbriklərini çatdırıb.
Nazir artıq ölkəmizdə ənənə halını almış İndoneziya mədəniyyət festivallarının iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına töhfələr verdiyini diqqətə çatdırıb: “İndoneziya səfirliyi son illərdə ölkəmizdə müxtəlif mədəni tədbirlər keçirir. Bu isə xalqlarımız arasında əlaqələrin güclənməsinə təkan verir. Böyük İslam ölkəsi olan İndoneziya mədəniyyəti Azərbaycan xalqı üçün də olduqca maraqlıdır. Ölkələrimiz arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir”.
Əbülfəs Qarayev bildirib ki, bu festival Bakıda dost, qardaş olan İndoneziya xalqının mədəniyyəti ilə bağlı sayca dördüncü tədbirdir. Əvvəlki illərdə olduğu kimi, budəfəki festivalda da İndoneziyanın tarixi, mədəniyyəti, milli mətbəxi, adət-ənənələri ilə bağlı ən gözəl nümunələr ölkəmizdə təqdim edilir.
İndoneziya Respublikasının Nümayəndələr Palatasının Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Nurhayati Ali Asseqaf çıxış edərək iki ölkə arasında mədəni, iqtisadi və turizm sahəsində olan əməkdaşlıq səviyyəsindən məmnuniyyətlə danışıb. Belə tədbirlərin hər iki ölkədə təşkil olunmasının əhəmiyyətini qeyd edərək, xalqlarımızın biri-birini daha yaxından tanımasına və əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğulayıb.
Daha sonra İndoneziyanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş olundu. İndoneziyanın musiqi, incəsənət və ədəbiyyat sahəsinin tanınmış nümayəndələri də festivalın açılış mərasimində iştirak edirdilər.
Festivalın açılışında İndoneziya xalqına məxsus “Ankluq” musiqi alətində ifalar, “Kuda lumpinq” adlanan atlılar dəstəsini əks etdirən ənənəvi “Yava” rəqsi təqdim olundu. Rəqs zamanı milli geyimlər, ağac və al-əlvan parçalardan hazırlanmış bəzəkli maskalar - “Topenq kras” tamaşaçılara xoş təsir bağışladı. “Mocanq prianqan” rəqsi Cayponqan janrındadır. Bu janr, İndoneziyanın qərbi Yava əyalətində məskunlaşmış sunda əhalisinin populyar ənənəvi rəqsidir. Bu xalqın milli sərvətlərindən olan “Randay” musiqi, ifa, rəqs, dram və silat döyüş sənətini özündə birləşdirən xalq teatrı ənənəsidir. Festivalın açılış mərasimində təqdim olunan bənzərsiz musiqi və rəqslər bütün iştirakçıların marağına səbəb olub.
Festival sentyabrın 15-dək Fəvvarələr meydanında davam edəcək.

 

Mədəniyyət 2019-09-11 23:12:00