Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Sağlam həyat tərzinin təşviqi” mövzusunda beynəlxalq təlim kursuna start verilib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Gənclər və İdman Nazirliyinin və MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi, “ADDIM” Yaradıcı Gənclər Təşkilatının təşəbbüsü ilə sentyabrın 8-dən 14-dək gənc jurnalistlər, bloqqerlər, fəal sosial şəbəkə istifadəçiləri üçün “Sağlam həyat tərzinin təşviqi” mövzusunda beynəlxalq təlim kursu keçirilir.
AZƏRTAC xəbər verir ki, təlimdə Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacıkistan, Türkmənistan və Ukraynadan 70-ə yaxın gənc iştirak edir.
Kursun keçirilməsində məqsəd gənc jurnalistlərin, bloqqerlərin, sosial şəbəkələrin fəal istifadəçilərinin sağlam həyat tərzi problemləri ilə bağlı maarifləndirilməsi, rəqəmsal mediada və sosial şəbəkələrdə sağlam həyat tərzinin təbliği, həmçinin müasir texnologiyalardan və media mənbələrindən istifadə edərək bu mövzunun daha geniş auditoriyaya çatdırılmasından ibarətdir.
Təlim kursunun açılış mərasimində Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova və “ADDIM” Yaradıcı Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə gənclərin sağlamlığının qorunması dövlət gənclər siyasətinin istiqamətlərindən olduğunu vurğulayıb və bu sahədə görülən işlərdən danışıblar.
Təlim kursuna sentyabrın 13-də yekun vurulacaq.

Sosial 2019-09-11 20:11:00