×
A
A
A
Sazlamalar

Ceyhun Bayramov: Ölkədə təhsil siyasəti sistemli və ardıcıl şəkildə həyata keçirilir

Bakı, 11 sentyabr, AZƏRTAC 

Azərbaycanda təhsil dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil siyasəti sistemli və ardıcıl şəkildə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikri təhsil işçilərinin ənənəvi respublika konfransı çərçivəsində Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə müsahibəsində söyləyib. O deyib: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev elm və təhsili daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə ardıcıl olaraq dövlət proqramları qəbul edilir, sərəncamlar, fərmanlar imzalanır. Həyata keçirilən uğurlu təhsil siyasətinin nəticəsi olaraq müəllim peşəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb”.
Nazir qeyd edib ki, sentyabrın 2-dən 6-dək respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin 20 zona konfransı keçirilib. Konfranslarda ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlar verilib. Respublika konfransında isə yekun olaraq Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında müəyyən edilmiş hədəflərlə bağlı ötən il ərzində görülən işlər, əldə edilmiş nailiyyətlər, qarşıda duran vəzifələr, yeni çağırışlar müzakirə olunub.

Elm və təhsil 2019-09-11 19:25:00