×
A
A
A
Sazlamalar

Bal yarmarkasına çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət ediləcək

Bakı, 11 sentyabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi sentyabrın 28-dən oktyabrın 18-dək keçiriləcək arıçılıq məhsullarının 20-ci Respublika Sərgi-Satış Yarmarkasında satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edəcək.
AZƏRTAC xəbər verir ki, bunu baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev yarmarkaya hazırlıq işləri və tətbiq ediləcək yeniliklərə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun dediyinə görə, agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları satışa çıxarılacaq bal və bal məhsullarından nümunələr götürərək institutun müvafiq laboratoriyalarında ekspertizaya cəlb ediləcək. Ekspertizalar zamanı məhsulların təhlükəsizliyi, eləcə də keyfiyyət göstəriciləri yoxlanılacaq və yalnız qida təhlükəsizliyi göstəriciləri uyğun olan məhsulların satışına icazə veriləcək.
Yarmarkada Qida Təhlükəsizliyi İnstitutunun ən müasir cihaz və avadanlıqlar ilə təchiz edilmiş səyyar laboratoriyası arıçılıq məhsullarının müayinələrinin aparılması üçün vətəndaşlara xidmət göstərəcək. İstehlakçılar aldıqları balın keyfiyyətinə əmin olmaq üçün məhsulu səyyar laboratoriyaya təqdim edə bilərlər.

Cəmiyyət 2019-09-11 18:53:00