×
A
A
A
Sazlamalar

İordaniyalı senatora “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi” medalı təqdim edilib

Bakı, 11 sentyabr, AZƏRTAC

İordaniyanın Baş Nazirinin sabiq müavini, Xarici İşlər və Mühacir Məsələləri naziri və Senatın üzvü Naser Sami Cudaya “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub. Bu barədə AZƏRTAC-a Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.
Səfir Rasim Rzayev senator N.Cudanın nazir kimi fəaliyyət göstərdiyi dövrdə İordaniya-Azərbaycan əlaqələrinin inkişafındakı xüsusi rolunu qeyd edərək, bu rolunu yeni statusunda da davam etdirəcəyinə ümidini ifadə edib. İyulun 9-da Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd edildiyini diqqətə çatdıran səfir ölkəmizin müasir diplomatiya ənənələrinin məhz ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına, sonra isə müstəqil Azərbaycana rəhbərliyi dövrlərindən başladığını xatırladıb. O, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında dövlətimizin regional və beynəlxalq səviyyələrdəki diplomatik uğurlarını qeyd edib.
Sonra səfir senator N.Cudanın dost İordaniya və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi və dərinləşdirilməsinə mühüm töhfələrinə görə Azərbaycan diplomatiyasının yubiley tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov tərəfindən təltif edildiyini bildirib, bu addımın Azərbaycan dövlətinin və diplomatiyasının öz dostuna xüsusi münasibətinin bariz nümunəsi olduğunu vurğulayıb.
Dost ölkələrimiz arasında əlaqələrin daha da inkişafı naminə fəaliyyətini davam etdirəcəyini bildirən senator ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini qeyd edib. O, Prezident İlham Əliyevin Azərbaycanı yeni uğurlara doğru inamla irəli apardığını vurğulayıb.
Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət müzakirə olunub. Senator münaqişənin həlli ilə bağlı İordaniyanın mövqeyinin dəyişməz olduğunu bildirib.

Siyasət 2019-09-11 18:55:00