×
A
A
A
Sazlamalar

“İstanbul Biennale” müasir incəsənət sərgisində 25 ölkədən 56 rəssamın əl işləri nümayiş etdiriləcək

Bakı, 11 sentyabr, AZƏRTAC 

Türkiyənin İstanbul şəhərində 1987-ci ildən bəri keçirilən “İstanbul Biennale” müasir incəsənət sərgisinin sentyabrın 14-dən noyabrın 10-dək keçiriləcək builki tədbirində 25 ölkədən 56 rəssamın 220 əl işi nümayiş etdiriləcək. Həmişəki kimi, bu sərginin eksponatları da şəhərin qədim inciləri sayılan “Yerəbatan sarnıç”da (yeraltı su anbarı), Topkapı sarayında və Aya-Sofyada nümayiş etdirilə bilər.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu tarixi məkanlarla yanaşı, sənət əsərləri Memar Sinan Universiteti, İstanbul Dövlət İncəsənət və Heykəltəraşlıq Muzeyi, Böyükada adasında da nümayiş etdiriləcək.
İstanbul Mədəniyyət və İncəsənət Fondu İdarə Heyətinin sədri Bülənt Əczaçıbaşı tədbirlə bağlı keçirilən mətbuat konfransında bildirib ki, iki ildən bir keçirilən bu sərgi müasir janrlarda yaradılan yeni əsərlərin geniş ictimaiyyətə təqdim edilməsində, habelə rəssam və heykəltəraşların yaradıcılığının təbliğində böyük əhəmiyyətə malikdir.
Sərginin sponsoru “Koç Holdinq”in rəhbəri Ömər Koç isə qeyd edib ki, tədbirə sərbəst girişin təmin edilməsi incəsənətlə yaxından maraqlanan insanların müasir janrlara aid olan əsərlərlə daha yaxşı tanış olması baxımından müsbət addımdır. O, “Yeddinci qitə” adlandırılan bu sərginin okeanların çirkləndirilməsinə qarşı kampaniyaya da töhfə olduğunu bildirib. Əlavə edib ki, rəssam və heykəltəraşlar da bəşəriyyətin ortaq hədəfinin reallaşdırılmasında - planetin gələcəyinin təmin edilməsində fəal iştirak etməlidirlər.

Mədəniyyət 2019-09-11 18:31:00