Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Astaranın Pensərçay çayında sahilbərkitmə işləri oktyabrda başa çatdırılacaq

Astara, 11 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun ən böyük yaşayış məntəqələrindən biri Pensər kəndidir. Kəndin mərkəzindən keçən və onu iki yerə ayıran Pensərçay yağmurlu havalarda məcrasından çıxaraq yaşayış evlərinə və təsərrüfat sahələrinə ziyan vururdu.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında” 2019-cu il 12 iyun tarixli Sərəncamı ilə kənd sakinlərinin üzləşdiyi problemlərə son qoyulub.
Sərəncama əsasən Pensərçay çayında sahilbərkitmə işlərinin görülməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.67-ci bəndində göstərilmiş məbləğin 1 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
İyul ayından Pensərçayda sahilbərkitmə işlərinə başlanılıb. Tikinti işlərinə podratçı təşkilat - “Uğur-inşaat” MMC-nin 20-yə yaxın işçisi və lazımi texnika cəlb olunub.
“Uğur-inşaat” MMC-nin direktoru Cəfər Malıyev bildirib ki, çayboyu 600 metrlik ərazidə sahilbərkitmə işləri görülməlidir. Artıq 400 metr ərazidə işlər başa çatdırılıb. Çaya vurulmuş köhnə dayaqlarda bərkitmə işləri görülüb, 210 metr ərazidə isə hündürlüyü 6 metr olan yeni bənd salınıb.
Hazırda inşaatçılar əvvəllər çəkilmiş bənddə bərkitmə işlərini davam etdirirlər.
Pensərçayda sahilbərkitmə işlərinin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.

Regionlar 2019-09-11 18:40:00