×
A
A
A
Sazlamalar

Azərbaycan Sahibkarlar Konfederasiyası rayon nümayəndələri ilə görüş keçirib

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasında (ASK) rayon nümayəndələri ilə görüş keçirilib. Görüş rayon nümayəndələri arasında şəbəkələşmə yaratmaq və bir neçə sahə üzrə sahibkarların məlumatlılığını yüksəltmək məqsədi daşıyıb.
ASK-dan AZƏRTAC-a bildirilib ki, konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov rayon nümayəndələrinə yerlərdə KOB Dostu ilə əlaqələri genişləndirməyi, hətta fəaliyyətlərini həyata keçirmək üçün KOB Evlərindən istifadə etməyi tövsiyə edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndəsi Adil Əhmədov rayonlarda fəaliyyət göstərən ASK üzvləri ilə əməkdaşlıq etdiklərini vurğulayaraq yaxın gələcəkdə KOB Dostu şəbəkəsinin 60-a çatacağını qeyd edib. A.Əhmədov bildirib ki, regionlarda çalışan sahibkarlar dövlət dəstəyi mexanizmlərindən xəbərsiz olurlar, ona görə də məlumatlılığın artırılması üçün bir neçə sahəvi təlim proqramları hazırlanıb. Eyni zamanda, rəqabətqabiliyyətli məhsul istehsalı və onun satış imkanları ilə bağlı KOB sahibkarlar üçün pulsuz bazar araşdırmaları hazırlayır.
Onun sözlərinə görə, yaxın günlərdə “BP Azerbaijan” şirkətinin dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin keçdiyi rayonlarda sahibkarların istehsal avadanlıqları ilə təmin edilməsi məqsədi daşıyan layihəyə başlanacaq.
Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsi Əfqan İlyasov sahibkarların kredit yükü, kreditin alınması şərtləri ilə bağlı məlumat verib. O deyib: “Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərinin bank kreditlərindən əsas fərqi odur ki, sahibkar aldığı güzəştli kreditin əsas hissəsini 18 aydan sonra ödəməyə başlayır”.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi Mirdamət Kərimov dövlət satınalmaları platforması ilə bağlı sahibkarları məlumatlandırıb. Qeyd edib ki, 3 milyon dollaradək olan dövlət satınalmalarında yalnız yerli sahibkarlar iştirak edə bilərlər və satınalmalar elektron qaydada həyata keçirilməlidir. Satınalmalarla bağlı bütün yazışmalar portal üzərindən aparılır, ona görə də hər hansı problem yarananda araşdırmaq asandır.
Tədbirdə ASK rayon nümayəndələrinin regionlarda aparacaqları işlər, həyata keçiriləcək birgə tədbirlərlə bağlı müzakirələr aparılıb.

İqtisadiyyat 2019-09-11 18:09:00