×
A
A
A
Sazlamalar

Balakəndə “Əngəlsiz düşüncə” adlı uşaqların sosial reabilitasiya klubu layihəsinə start verilib

Balakən, 11 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunda Təhsil Nazirliyinin pedaqoji işçilər üçün elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib gələn “Əngəlsiz düşüncə” adlı uşaqların sosial reabilitasiya klubu layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihənin təqdimat mərasimində Balakən rayon Təhsil Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun, rayon Gənclər və İdman İdarəsinin, Gənclər evinin nümayəndələri çıxış edərək, klubun səmərəli əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi üçün öz təkliflərini veriblər.
Layihənin rəhbəri Eşqin Uzunov nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirilib ki, layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sentyabr-oktyabr aylarında ingilis dili, musiqi, rəsm, rəqs, müalicə idmanı dərnəkləri təşkil ediləcək, onlara loqoped və psixoloq dəstəyi göstəriləcək. Layihənin sonunda uşaqların əl işlərindən ibarət sərgi təşkil olunacaq. Ümumiyyətlə, layihə çərçivəsində keçirilən kurs və dərnəklərdən 30 uşaq faydalanacaq.

Regionlar 2019-09-11 18:00:00