×
A
A
A
Sazlamalar

Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiri Yana Batırşina “Ocaq” Sport Klubunda olub

Bakı, 11 sentyabr, AZƏRTAC
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının rəsmi səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı Yana Batırşina sentyabrın 11-də “Ocaq” Sport Klubunda olub.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, görüşdə klubun gimnastları, gimnastika ilə məşğul olan əqli və fiziki imkanları məhdud uşaqlar, həmçinin onların məşqçiləri iştirak ediblər.
Səfir gimnastlarla söhbət edib və özünün Olimpiya medalını onlara nümayiş etdirərək, karyerasının maraqlı və çətin məqamlarından, qələbələrinin sirrindən danışıb.
Sonda Y.Batırşina şəxsi imzası ilə gimnastlara xüsusi kartlar və köynəklər hədiyyə edərək, onlarla xatirə şəkilləri çəkdirib.
Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq. Altmış iki ölkədən 300 idmançının qatılacağı çempionatda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları yeddi gün ərzində ayrı-ayrı alətlər və çoxnövçülük yarışlarında mübarizə aparacaqlar. Eyni zamanda, komanda hesabında ən güclülər müəyyənləşəcək.

İdman 2019-09-11 17:50:00