×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universiteti ilə Ural Federal Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

İqtisadiyyat naziri Şahin Mustafayev və Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərliyi ilə Azərbaycan-Rusiya nümayəndə heyətlərinin işgüzar görüşü olub.
Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a bildiriblər ki, Bakı Biznes Mərkəzində keçirilən görüş çərçivəsində BDU ilə Rusiyanın Ural Federal Universiteti (UFU) arasında əməkdaşlıq memorandumu imzalanıb.
BDU-nun rektoru Elçin Babayev və UFU-nun rektoru Viktor Kokşarovun imzaladığı memorandumda pedaqoji və elmi işçilərin, tələbə, magistr və doktorantların mübadiləsi, müəllimlərin ixtisaslarının artırılmasına qarşılıqlı yardım, qabaqcıl inkişaf metodları sahəsində təcrübə mübadiləsi, UFU-nun Azərbaycanşünaslıq Mərkəzi ilə əməkdaşlıq, birgə elmi simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran proqram və layihələrdə iştirak və s. nəzərdə tutulur.
Rektor Elçin Babayev Rusiya Federasiyasının bir çox universitetləri və tədqiqat mərkəzləri ilə əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Bakı Dövlət Universitetinin elm, təhsil sahəsində böyük potensialı olduğunu vurğulayan rektor Ural Federal Universiteti ilə imzalanan memorandumun hər iki tərəfə fayda verəcəyinə inamını ifadə edib.
Elçin Babayev Ural Federal Universitetinin nümayəndə heyətini Bakı Dövlət Universitetinin noyabr ayında keçiriləcək 100 illik yubileyinə dəvət edib.
Universitetlər arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edən rektor Viktor Kokşarov, eyni zamanda, təbiət, humanitar elmlər və iqtisadiyyat üzrə ixtisasların olduğu Ural Federal Universiteti alimlərinin BDU-nun elmi jurnallarına maraq göstərdiyini deyib.
Qeyd edək ki, işgüzar görüşdə Azərbaycan hökuməti ilə Sverdlovsk vilayəti hökuməti arasında iqtisadi-ticari, elmi-texniki və başqa sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələr sazişi, Azərbaycan Dillər Universiteti ilə Ural Federal Universiteti arasında da əməkdaşlıq müqavilələri imzalanıb.

Elm və təhsil 2019-09-11 17:35:00