×
A
A
A
Sazlamalar

Lerikin Pirəsora və Conu kəndlərində tibb məntəqələrinin yeni binası istifadəyə verilib

Lerik, 11 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Yaponiya hökumətinin ölkəmizdə həyata keçirdiyi “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində “Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsinin tikintisi” layihəsinin icrası başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə sentyabrın 11-də Lerik rayonunun Pirasora kəndində açılış mərasimi keçirilib.
Mərasimdə Yaponiyanın səfiri Teruyuki Katori, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov layihəni həyata keçirən təşkilat - “Gənclərin sosial problemlərinin həllinə kömək” İctimai Birliyinin rəhbəri Anar Aslanov, tibb işçiləri, hər iki kəndin sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Teruyuki Katori layihənin əsas məqsədinin Pirəsora və Conu kəndlərinin sakinlərini təkmilləşdirilmiş tibbi xidmətlə təmin etməklə, onların yaşayış səviyyəsini yaxşılaşdırmaq olduğunu bildirib.
Qeyd olunub ki, qrant yardımı çərçivəsində Pirəsora və Conu kəndlərində tibb məntəqəsinin tikintisi layihəsinin ümumi məbləği 89 min 255 ABŞ dolları təşkil edir. Bu, Lerik rayonunda “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca dördüncü layihədir.
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov hər iki kəndin sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən yerli əhəmiyyətli sosial layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib.

Regionlar 2019-09-11 17:23:00