×
A
A
A
Sazlamalar

Avqustda 1372 kommersiya qurumunun 72,1 faizi elektron qeydiyyata alınıb

Bakı, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 1-nə olan məlumata görə, ölkə üzrə uçotda olan 1 milyon 31 min 164 vergiödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, hüquqi qurum şəklində uçotda olan vergiödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb. Bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.
Həmçinin avqustda 1372 kommersiya qurumu qeydiyyata alınıb və bu da keçən ilin eyni ayına nisbətən 47 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,6 faizi isə səhmdar cəmiyyət formasında təşkil olunub.
Hesabat dövründə 64 min 329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir.
Ötən ilin 8 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq 31 min 946 təşkil edib və aktiv ƏDV ödəyicilərinin sayı 18 min 622 vahidə çatıb.
Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub.

Maliyyə 2019-09-11 17:21:00