×
A
A
A
Sazlamalar

Ötən 25 ildə Azərbaycanın neft hasilatı 4 dəfədən çox artıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Son 25 ildə Azərbaycanın neft istehsalı 4 dəfədən çox artıb.
AZƏRTAC xəbər verir ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan vaxt 9,5 milyon ton olan neft hasilatı 2010-cu ildə 5 dəfədən çox artaraq 51 milyon tona çatıb. Keçən il isə Azərbaycanda 38,8 milyon ton neft hasil olunub.
Qeyd edək ki, bu il “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında müqavilə imzalanmasından 25 il ötür. Sonradan bu saziş öz əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlandırılıb. “Əsrin müqaviləsi” demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırıb, sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəmizə axınına şərait yaradıb. Müstəqil Azərbaycanın tərəqqisi bu məşhur müqavilə ilə başlanıb.
2017-ci il sentyabrın 14-də isə Bakıda bu müqavilə üzrə düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş imzalanıb. Azərbaycanın xeyrinə və daha yaxşı şərtlərlə imzalanan “Yeni Əsrin müqaviləsi” üzrə SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq.

Neft - qaz 2019-09-11 16:56:00