×
A
A
A
Sazlamalar

Portuqaliyalı rejissorun filmi 2020-ci ilin “Oskar” mükafatına namizəddir

Lissabon, 11 sentyabr, AZƏRTAC

Portuqaliyalı rejissor Tyaqu Gedeşin “Malikanə” filmi 2020-ci ildə “Ən yaxşı əcnəbi film” nominasiyasında “Oskar” mükafatına namizəd irəli sürülüb.
AZƏRTAC Portuqaliya Kino Akademiyasına (APC) istinadla xəbər verir ki, filmin dünya premyerası 76-cı Venesiya kinofestivalının rəsmi müsabiqəsində olub. Tyaqu Gedeş ən yaxşı rejissor işinə görə müstəqil tənqidçi “Bisato d`Oro” mükafatına layiq görülüb.
Filmin Portuqaliyada premyerası sentyabrın 19-da nəzərdə tutulub.
“Malikanə” filmi Teju çayının cənub sahilində Avropada ən iri malikanələrdən birinin sahibi olan ailə barədə saqadır. Filmdə ötən əsrin 1940-cı illərində Portuqaliyanın tarixi, siyasi, sosial və maliyyə həyatından söhbət açılır.
APC-nin prezidenti Paulo Trankozonun sözlərinə görə, bu il milli kino istehsalı kinozallara təqribən 490 min tamaşaçı gətirib ki, bu da 2018-ci ilin eyni dövrü ərzində 145 min tamaşaçı ilə müqayisədə nəzərəçarpan artımdır.
Qeyd edək ki, 92-ci “Oskar” mükafatının təqdimat mərasimi 2020-ci il fevralın 9-da Los-Ancelesdəki “Dolby” teatrında olacaq. Amerika Kino Akademiyası 24 nominasiyada mükafatlar təqdim edəcək.
APC Tyaqu Gedeşin filmini, həmçinin “Ən yaxşı İberiya-Amerika filmləri” kateqoriyasında İspaniyanın “Qoya” mükafatına namizəd irəli sürüb. “Qoya” mükafatının təqdimat mərasimi 2020-ci il yanvarın 25-də Malaqada keçiriləcək.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Mədəniyyət 2019-09-11 16:50:00